8 Fevral 2020 00:28
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 8-də futbol üzrə ölkə çempionatında Azərbaycan derbisi keçiriləcək. Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyununda son illərdə çempionluğu əldən verməyən “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda paytaxtın “Neftçi” komandası ilə qarşılaşacaq.

Teleqraf.com xəbər verir ki, ilk iki dövrənin oyunlarından sonra yenə əzəli rəqibindən üstün olan Ağdam təmsilçisi bu görüş öncəsi də favorit sayılır. Qurban Qurbanovun komandasında bir sıra itkilərin olmasına baxmayaraq, “Qarabağ” futbolçuları qış fasiləsindən sonrakı ilk oyunda “Səbail”i məğlub etməklə yenə formada olduqlarını göstəriblər.

Çempionun heyətində Riçard Almeydadan sonra Çin klubuna transfer olunan Dani Kintana da komandanı tərk edib. Zədəli olan Rahil Məmmədov da “Neftçi”yə qarşı oynaya bilməyəcək. Əvəzində Qurban Qurbanov yeni transfer Ovusu Kvabenanı bu görüşdə sınaqdan keçirə bilər.

“Neftçi”nin heyətində isə xüsusilə müdafiə xəttində problemlər var. Komandanı tərk edən ukraynalı Kiril Petrovdan əlavə, “Sumqayıt” komandası ilə oyunda qırmızı vərəqə alan müdafiəçi Voislav Stankoviç də qarşılaşmada iştirak edə bilməyəcək. Dario Federiko qış fasiləsini əsas heyətdən kənarda keçirib. Ancaq istənilən halda “Neftçi”nin çempionluq şansının bu oyundan xeyli asılı olması və rəqib paytaxt təmsilçisinin qələbəyə daha çox köklənməsinə təsir edə bilər.

Qeyd edək ki, “Qarabağ” 2018-ci ilin oktyabrından bəri “Neftçi”yə uduzmur. Bu müddətdə keçirilən dörd oyunun ikisində qalib gələn Ağdam təmsilçisi iki dəfə heç-heçə edib. Son iki qarşılaşmada “Neftçi” rəqibinin qapısına qol da vura bilməyib.

XVI turdakı oyun komandalar arasındakı 78-ci duel olacaq. Burada da “Qarabağ”ın aşkar üstünlüyü var. Rəqibini 29 dəfə məğlub edən Qurban Qurbanovun kollektivi 20 dəfə meydanı məğlubiyyətlə tərk edib. 29 görüş isə heç-heçə nəticələnib.

Xatırladaq ki, fevralın 8-də saat 20:00-da başlayacaq “Qarabağ”-“Neftçi” matçını Rauf Cabbarov idarə edəcək. Görüş “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

On beş turdan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” başçılıq edir. Hesabında 26 xalı olan “Keşlə” və “Neftçi” müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər