"Qarabağ" klubunun prezidenti Tahir Gözəl klubun Mətbuat xidmətinin suallarını cavablandırıb.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Oyun başlamamış uzun müddət bu "oyun" haqqında söz-söhbətlər gündəmdə oldu. Bu hadisələr komandaya təsir etdimi?
- Matç ətrafında baş verən xoş olmayan hadisələrdən hər birimizin xəbəri var. Püşkatma nəticəsində qarşılaşma Bakıda keçirilməli olsa da, "masaətrafı" oyunlar səbəbindən heç də xoş olmayan psixoloji hava formalaşdı. Kiprdə oynamağı UEFA tərəfindən məcburi seçim kimi qəbul etməli olduq. Norveç tərəfi Azərbaycana Avropa ölkəsi olmadığına görə gəlməkdən imtina etdi. Cənubi Kipr də Avropa Birliyinin bir üzvüdür. Əslində, biz "ev sahibi" olsaq da, formal olaraq Avropada səfər oyununa çıxdıq. Bütün bu "oyunlar"a baxmayaraq komandam baş verən hadisələr zaman öz əsalətini, nəcibliyini qorudu.
- Meydançada olan 120 dəqiqəlik mübarizədən razı qaldınızmı?
- Meydanda yaxşı tərəf biz idik. 120 dəqiqə ərzində futbolçularımız əzmkarcasına mübarizə apardı. Bütün oyunboyu rəqibi müdafiəyə çəkilməyə məcbur etdik. Qol vurmaq üçün 1-2 yarımçıq cəhdləri vardı, əvəzində bizim 5-6 real qol imkanımız oldu. Ucaboy müdafiəçilərdən ibarət "Molde" komandası ancaq müdafiə olunurdu. Təbii ki, rəqib meydanın özünə aid hissəsindən çıxmırsa dünyanın ən böyük klubları belə, çətinlik çəkirlər. Ümumən, yaxşı oynadıq, həmin gün şans da bizim yanımızda deyildi.
- Qol epizodlarının boşa getməsi bəxtin "Qarabağ"ın yanında olmaması idi?
- Əla imkanlarımız oldu. Bir qədər şansın da yardımıyla bu oyunda qələbə qazana bilərdik. O epizodlardan biri qol olsaydı, indi başqa şeylərdən danışardıq. Oyunun şərhçisinin də vurğuladığı kimi, Kiprdə o istidə mübarizə aparmaq heç də asan deyildi. Amma komandamız mübarizcəsinə bu cəhətdən rəqibinə məğlub olmadı. "Qarabağ" Avropada tanınan, öz sözünü deyən komandadır. Nəzərə almaq lazımdır ki, qarşımızdakı Norveçin çempionu idi və bu ölkə Avropada heç də zəiflərdən sayılmır. "Qarabağ" qarşılaşmada rəqibinə qol imkanı vermədi. Hiss olunurdu ki, norveçlilərin tək hədəfləri oyunu mümkün qədər penaltilərə daşımaqdır.
- Şahruddin Məhəmmədəliyev qapıda penalti qaytarmaqla yanaşı, özü də qol vurdu. Qapıçını oyunun qəhrəmanı saymaq olarmı?
- Hansısa futbolçumuzu xüsusi olaraq qabartmaq istəmirəm. Amma həqiqətən də Şahruddinə günün adamı demək olar. Penalti qaytardı, özü də cəsarətlə 11 metrlik zərbəni dəqiq yerinə yetirdi. Qapıçımızın meydanda davranışı , özünə güvəni, əzmkarlığı ən xoş sözlərə layiqdir. 5-ci penaltini vurmaq cəsarəti də nə qədər böyük xarakterinin olmasının göstəricisidir. Qapıçımızın meydanda hər uğurlu hərəkəti daha çox hörməti haqq etdirdi. Eyni zamanda digər futbolçularımızın da hər birinə mübarizəsinə görə ayrıca təşəkkür edirəm.
- Adətən milli komandaya çox futbolçu verən klublar fasilə sonrası adaptasiya problemi yaşayır. Bu, "Molde" ilə qarşılaşmada hiss olundumu?
- Milli komandaya yetərincə çox futbolçu veririk. Fasilədən sonra komandamızın yığışıb 120 dəqiqə mübarizə aparmasını alqışlamaq lazımdır. "Qarabağ"ın, Azərbaycanın adına yaraşan şəkildə mübarizə apardılar. Futbol belə bir şeydir. 2 tərəfdən biri qalib olur. Hər nə qədər "masaarxası oyun"larla psixoloji gərginlik yaratmaq istəsələr də, oyunda bizə qarşı üstünlük qura bilmədilər. Amma təəssüf ki, bir tərəf qazanmalı idi. Bu da Norveç təmsilçisi oldu.
- Komandanın baş məşqçisi Qurban Qurbanovun futbolçuları bu psixoloji durumdan çıxaracağınıza inanırsınızmı?
- Qurban müəllim artıq 12 ildir bu komandanın baş məşqçisidir. O, “Qarabağ”ın bir parçasıdır, onunla davam edəcəyik. Qurbanov məşqçiliyi ilə yanaşı, əxlaqı və ədaləti ilə hər zaman örnək olub. “Qarabağ”sız Qurban, Qurbansız “Qarabağ” olmaz. Qurban Qurbanov əsl azərbaycanlı kimi “Qarabağ”a xidmət etmək örnəyidir. Onunla fəxr edirik. Baş məşqçimizə hər zaman inanır və arxasındayıq.
- Komandanın Çempionlar Liqası macərası bitdi. İndi qarşıda bizi Avropa Liqası gözləyir. Komandadan nə gözləyirsiniz?
- Artıq, bu qarşılaşmanı unudub önümüzə baxmalıyıq. Bu həssas dönəmdə Azərbaycanın Qarabağ bölgəsini təmsil edən komanda onsuz da 30 ildir səfərdə oynamağa məcburdur, bu dəfə də isitisna olmadı. Mənim "Qarabağ"a olan inamım dəyişməyib, yenə də komandamın yanındayam, inanıram. Avropa Liqasında potensial rəqibimiz bəlli oldu. Hər ikisi yaxşı komandadır. Xüsusilə, Polşa klubunu vurğulamaq lazımdır. Bu klublarla oynamaq elə də asan deyil. Amma biz "Qarabağ"a güvənirik.
- Ardıcıl 6 il qrup mərhələsinə düşən "Qarabağ" 7-ci dəfə bu uğuru təkrarlaya bilərmi?
- Mən bunu hər zaman demişəm. "Qarabağ" Futbol Klubunun hədəfi təmsil etdiyi bölgəni, işğal olunmuş eyniadlı ərazini dünya miqyasında layiqincə təmsil etməkdir. Bugün dünyanın 4 yanında "Qarabağ"ı tanıyırlar. Bu, komandanın davamlı, sabitl uğurlarının nəticəsidir. Daha 1 qrup mərhələsi niyə də olmasın? Hər nə qədər rəqibimiz çətin olsa da, "Qarabağ" meydana qələbə üçün çıxacaq. Əminik ki, komanda əlindən gələnin ən yaxşısını edəcək və bu mərhələdən müvəffəqiyyətlə ayrılacaq.