“Qarabağ” komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.
Teleqraf.com xəbər verir ki, Ağdam klubu I qrupun III tur matçında Türkiyədə “Sivasspor”un qonağı olacaq. “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Qarşılaşma əvvəlcə Portuqaliyadan olan hakimlər briqadasına tapşırılsa da, UEFA sonradan əsas referi və yan xətt hakimlərini isveçrəlilərlə əvəzləyib. Əsas hakim Sandro Şörer olacaq. Ona həmyerliləri Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.
Qrupdakı ilk iki oyunda məğlub olan komandalar 3-4-cü yerləri bölüşdürür. Sadəcə, vurulan topların sayına (1 qol) görə Azərbaycan çempionu sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi əvvəlki görüşlərdə 7 dəfə rəqib qapılarına yol tapıb.
Superliqa klubu “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq. Rəqibin heyətində Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin zədə səbəbindən oynamayacağı dəqiqdir. Bundan başqa, İsrail “Makkabi”si (Təl-Əviv) ilə qarşılaşmada qırmızı vərəqə almış Samba Kamara da oyunu buraxacaq. Marselo Qoyano və Erdoğan Yeşilyurtun isə meydana çıxıb-çıxmayacağı sual altındadır. “Köhlən atlar”da isə zədəli və cəzalı futbolçu yoxdur.