29 Yanvar 2021 21:37
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün dəstək istəyib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın Teleqraf.com-a verdiyi məlumata görə, Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadr potensialının Yaponiyaya göndərilməsi kimi müraciət öz əksini tapıb.

Müraciətə cavab olaraq gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016, 2017, 2018, 2019-cü illərdə "Formula 1", 2019-cu ildə XV Avropa Gənclər Olimpiadası kimi beynəlxalq yarışlara çox böyük uğurla ev sahibliyi etdiyini bildirib. Bu məqsədlə nazir Tokioda baş tutacaq Oyunlarda Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib.

Öz növbəsində A.Rəhimov bildirib ki, Azərbaycan idman yarışlarının keçirilməsi baxımından istər texniki, istərsə də təşkilati məsələlərdə kifayət qədər böyük təcrübəyə malik ölkədir. Azərbaycanın bütün qeyd olunan mötəbər tədbirlərdə çalışan əməkdaşlarından ibarət məlumat bazası var və münasib olaraq bizim mütəxəssislər aidiyyəti sahələr üzrə Yaponiya tərəfinə təqdim olunacaq.

Hazırda idman yarışlarında texnologiya, nəqliyyat, idman məkanlarının idarə olunması, könüllülərlə iş və s. sahələrdə çalışan yerli kadrlar var və onlar vaxtaşırı müxtəlif beynəlxalq yarışlara dəvət alır, öz bilik və təcrübələrini müvəffəqiyyətlə həyata keçirirlər.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər