Heç bir futbolçuya güzəşt olunmayacaq. Teleqraf.com-un PFL-in saytına istinadən verdiyi məlumata görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov bu gün keçirilən "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra deyib.
O, qeyd edib ki, “Neftçi” - “Xəzər Lənkəran” oyunları həmişə prinsipial alınıb: "Bu gün oyun məhz derbi adı ilə uzlaşdı. Qırmızı vərəqələr oldu. Lakin sona yaxın komandam özündə güc tapdı və bərabərlik qolunu vurdu. Mən hakimlik barədə heç nə demək istəmirəm. İsti başla nəsə demək düzgün deyil. Sadəcə, əlavə edim ki, təzyiqlərə baxmayaraq, biz hesabı bərabərləşdirdik. Emil Balayev qırmızı vərəqə aldıqdan sonra bəzi dəyişikliklər etdik".
Baş məqşçi Araz Abdullayevin bu gün meydançaya çıxmamasına münasibət bildirib: "Araz lazımlı oyunçudur. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün futbolçular buna əməl etməlidir. Araz Abdullayevlə bağlı sabah qərar verəcəyik. Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Qərar çıxarıldıqdan sonra bu barədə ictimaiyyət məlumatlandırılacaq. Qaydalar hər bir futbolçu üçün keçərlidir. Elvin Yunuszadə düşərgəyə gecikdi və onu da cəzalandırdıq. Heç bir futbolçuya güzəşt olunmayacaq. Biz milli komandaya futbolçu vermək üçün çalışırıq. Qırmızı vərəqələr çox oldu. Elə bir oyun idi ki, hər bir futbolçu qırmızı vərəqə ala bilərdi”.
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin isə deyib: “Xüsusi bir oyun oldu. Biz buna qədər öz səhvlərimizdən xallar itirmişik. “İnter”lə oyuna qədər qol epizodlarında daha kəsərli idik. Biz bu gün daha şiddətli problemlərlə üzləşdik. Çox rahat qələbə qazana bilərdik. Hesabı 2-1 etdiyimizə görə, 1 qolu da vurmalı və daha rahat oynamalı idik. Mən futbolçularımla çox danışmışdım. Oyunçularıma demişdim ki, kart almaq olmaz. Tounkara və Əfran İsmayılovun etdiyi hərəkətlər və aldığı qırmızı vərəqələr bağışlanan deyil. Oyunçular bizimdir və bu liqanı bu oyunçularla davam etdirəcəyik. Amma istənilən halda, qərarlar veriləcək".
O, əlavə edib ki, bu qədər ciddi çalışmaların fonunda xətalara yer yoxdur: "Oyunçular bunu bilsinlər. Mən ciddi şəkildə çalışıram. Peşəkar bir iş görürəm. Amma insan faktorunun önünə keçmək mümkün deyil. Futbolun içində təhqir olmamalıdır. Həm hakimi, həm də futbolçunu təhqir etmək olmaz. Türkiyədə “Fənərbağça” və “Qalatasaray” azarkeşləri necə aqressivdirlərsə, təəssüf ki, Azərbaycanda bu, “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında var. İstərdim ki, “Neftçi” - “Xəzər Lənkəran” oyunları dostluq şəraitində keçsin. Hakimliklə bağlı deyim ki, çox adi epizodlarda qırmızı vərəqə gördük. Mən bu baxımdan hakimləri günahlandırmıram. Düşünürəm ki, oyunda hakim səhvləri oldu. Lakin qırmızı vərəqələri hakim səhvi kimi qələmə verə bilmərəm, nəticədə hərəkətləri edən bizim futbolçularımız idi".