Kiprin Limassol şəhərində ağır atletika üzrə gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı başa çatmaq üzrədir.
Bu gün Azərbaycan yığmasının daha bir üzvü – Dadaş Dadaşbəyli mübarizəyə qoşulub. O, 94 kq çəki dərəcəsində medal qazanmaq üçün körpücük üzərinə çıxıb.
16 yaşlı idmançımız ötən il yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı olmuşdu. O, həmçinin bu ilin avqustunda keçirilən “Zirve İnternational Sport Clubs”-ın ilk dünya çempionatının qalibidir.
Gənclər arasında Avropa çempionatına qatılan Dadaşbəyli, birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. O, ardıcıl olaraq 160, 164 və 167 kq-lıq ştanqı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa 2-cisi olub.
Təkanla qaldırma hərəkətində Dadaş əvvəlcə 193 kq-ı ram edib. Sonra sifariş verdiyi 206 kq çəkini iki yanaşmada qaldıra bilməsə də, bu hərəkətdə də 2-ci yeri tutdu.
Toplamda 360 kq (167+193) nəticə göstərən Dadaş Dadaşbəyli Avropa çempionatının gümüş medalçısı adını qazandı. Çox gözəl nəticədir. Azərbaycanın və “Zirvə” İdman Klubunun adını Avropada layiqincə təmsil edən Dadaşbəyliyə təşəkkür edirik. “Qobustan-Zirvə” İdman Klubunun nümayəndəsi olan Dadaşbəylini təbrik edir, ona növbəti yarışlarda da qələbələr qazanmağı arzulayırıq.
Əhsən, Dadaş!