"TRT Avaz" kanalında efirə gedən “Futbol Avrasiya” verilişində "Neftçi" ilə bağlı maraqlı iddia səsləndirilib.
Teleqraf.com xəbər verir ki, Bakı klubunun yayda baş məşqçisini dəyişəcəyi bildirilir.
Bir müddət əvvəl yayda komandanı tərk edəcəyini deyən Böyükağa Hacıyevin yerini türk mütəxəssisin tutacağı iddia olunub. Bildirilib ki, bu posta hazırda Şenol Günəş və Rza Çalımbay namizəddir.
Qeyd edək ki, Şenol Günəşin son iş yeri "Trabzonspor" olub (2009-2013). 1988-1989, 1993-1997 və 2004-2005 mövsümlərində də Trabzon klubuna başçılıq etmiş mütəxəssis "Boluspor", "İstanbulspor", "Antalyaspor", "Sakaryaspor" və Cənubi Koreyanın "Seul" klublarını çalışdırıb. 2000-2004-cü illərdə Türkiyə millisinə başçılıq etmiş 61 yaşlı mütəxəssis DÇ-2002-nin və bir il sonra keçirilən Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.
Rza Çalımbay isə bu mövsüm "Çaykur Rizəspor"a başçılıq edib (2013/14). 51 yaşlı mütəxəssis əvvəllər "Göztəpə", "Dənizlispor", "Beşiktaş", "Ankaraspor", "Eskişəhərspor" və "Sivasspor" klublarını çalışdırıb.