Gürcü futbolçu, İtaliyanın “Napoli” FK-nın və Gürcüstan yığmasının vinqeri Xviça Kvaratsxeliya Fransanın “Pari Sen-Jermen” klubuna keçir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın idman nəşrləri yazıb.
Transferlə bağlı futbol klubları arasında razılıq əldə edilib, müqavilənin yaxın zamanlarda imzalanacağı gözlənilir.
İtaliya klubu transferə görə təxminən 70 milyon avro (bonuslarsız) əldə edəcək. Futbolçunun “PSJ”yə keçidi Gürcüstan futbolunun tarixində ən bahalı transfer olub.
X.Kvaratsxeliyanın “PSJ”də maaşı “Napoli” ilə müqayisədə ildə 1,5 milyon avrodan 7-7,5 milyon avroya qədər yüksələcək. Futbolçu ilə müqavilənin beş il müddətinə bağlanacağı bildirilir.
Qeyd edək ki, X.Kvaratsxeliya “Napoli”yə 2022-ci ildə keçib. O, komandada oynadığı 107 matçda 30 qol vurub, 24 nəticəli ötürmə edib. Buna qədər furbolçu Batuminin “Dinamo” klubunda oynayıb.