"Çelsi"nin futbolçusu Dieqo Kosta yenə zədələnib.
O, İngiltərə Premyer Liqasının 31-cü turunda dünən "Stok Siti"yə qarşı keçirilən matçın 11-ci dəqiqəsində zədə səbəbindən əvəzlənməli olub.
Qarşılaşmadan sonra J.Mourinyo D.Kosta barədə açıqlama verib:
"Kosta iki gün idi ki, komanda ilə ümumi məşqlərdə iştirak edirdi. Həkimlər də onun "Stok Siti"yə qarşı oyuna hazır olduğunu bildirmişdilər. Düzdür, onun 90 dəqiqə oynaması riskli idi, ancaq bir müddət komandaya kömək edə bilərdi. Kostanın zədələnməsi bizim üçün pis oldu".
J.Mourinyo bildirib ki, tibbi müayinədən sonra D.Kostanın nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşəcək. Onun sözlərinə görə, ispan oyunçunun ən azı 1-2 həftə oynamayacağı dəqiqdir:
"Onun zədəsinin ciddi olub-olmadığını bilmək üçün 48 saat gözləmək lazımdır".
Qeyd edək ki, "Çelsi" - "Stok Siti" görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, D.Kosta martın 22-i "Hall Siti"yə qarşı oyunda zədələnmişdi. Bu səbəbdən onun adı İspaniya millisinin heyətindən çıxarılmışdı. Zədəsini yeni sağaldan D.Kosta "Stok Siti" ilə qarşılaşma yaşıl meydanlara qayıtmışdı./qol.az/