"Bu günki oyun bizim üçün çətin olacaq. Ancaq bununla belə, yaxşı nəticə əldə etməyə çalışacağıq".
Bunu iyulun 23-də Bakıda Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Hafnarfyordur”la qarşılaşacaq Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze dünən keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "İnter" müdafiədə oturmayacaq: "Düzdür, bizə qolsuz bərabərlik növbəti mərhələyə adlamaq üçün kifayət etsə də, ancaq biz müdafiəyə çəkilməyəcəyik və öz oyunumuzu göstərməyə çalışacağıq. Sadəcə, ehtiyatlı olmalıyıq. Hazırda komandamızın heyətində də zədəli futbolçuların olmaması sevindirici haldır. Heyətdə yalnız bir dəyişiklik ola bilər. Düzdür, səhvlərə yol verilməyəcəyinə yüz faiz zəmanət vermək olmaz. Ancaq komanda bu oyuna "Laçi" ilə matçdan daha yaxşı hazırlıqlı vəziyyətdədir. Albanlarla oyunda müəyyən problemlər yaşadıq, ancaq məşq zamanı bunun üzərində işlədik".
Z.Svanadze “İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin İslandiyadakı oyunu izləməyə gəlməsinə də münasibət bildirib: "Biz onun orda olduğunu oyun başa çatdıqdan sonra gördük. Əvvəlcədən Kaxaber Sxadadzenin orada olmasından xəbərimiz yox idi. O, Zurab Xizanaşvilini canlı izləməyə gəlmişdi. Çünki onun oyunu Kaxaber Sxadadzenin xoşuna gəlir".