UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon”la Kiprdəki ilk oyunu “Qəbələ”nin avrokuboklardakı ilk heç-heçəsi ilə əlamətdar oldu.
Teleqraf.com xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın təcrübəli yarımmüdafiəçisi Aleksey Qay matç haqda fikirlərini klubun saytına açıqlayıb:
“Kiprdə keçirilən ilk görüşdən razı qaldıq. Xüsusilə də nəticəni qənaətbəxş saymaq mümkündü. Hesab edirəm ki, buna yaxşı futbol nümayiş etdirməklə nail olduq. Lakin daha yaxşı oynaya bilərik. Çünki “Apollon”a qarşı nümayiş etdirdiyimiz futbol heç də ən yaxşı oyunumuz deyil. Hələ yaxşı oyunlarımız irəlidədi. Bu səfər matçı bizim Avropa Liqasında irəliləməyimiz üçün bir təkan olmalıdı”.
Avqustun 6-da Bakıda keçiriləcək cavab oyunu öncəsi şansları bərabər qiymətləndirən Qay “Qəbələ”nin mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlmək gücündə olduğunu düşünür:
“Apollon”la cavab oyununa çox ciddi hazırlaşırıq. İlk oyunda yaxşı nəticə əldə etsək də, şansları bərabər qiymətləndirirəm. Kiprdəki görüşdən sonra artıq hər iki komanda bir-birini daha yaxşı tanıyır. Bu üzdən də Bakıdakı matçda hər iki komanda üçün asan olmayacaq. Lakin evdə, azarkeşlərimizin önündə oynamağımız əlavə üstünlükdü. Düşünürəm ki, lazım olan nəticəni əldə edib, bu mərhələni də adlaya bilərik. Komandamız bunu bacarmalıdı”.
Rüstəm