16 Oktyabr 2015 15:43
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan prezidenti Ramzan Kadırov əslən azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovla müqavilə bağlayıb.

"Report"un məlumatına görə, dəfələrlə dünya və Avropa çempionu, planetin əfsanəvi döyüşçülərindən olan Z.Səmədov beynəlxalq turnirlərdə "Axmat" klubunu təmsil edəcək. Anlaşmaya 31 yaşlı idmançı ilə klubun prezidenti Abuzayd Vismuratov imza atıb. "Mauqli" ləqəbli idmançının iştirakı ilə ilk yarış "Qroznaya bitva-11" ("Qəzəbli döyüş-11") olacaq. Turnirin dekabrın sonlarında təşkili nəzərdə tutulub.

Çeçenistan prezidenti Z.Səmədovun parlaq qələbələri ilə klubu şöhrətləndirəcəyinə əminliyini vurğulayıb. Artıq o, "Mauqli" və məşqçilərin iştirakı ilə boks üzrə maraqlı məşq etdiklərini də açıqlayıb. Dörd raundluq sınaq döyüşlərinin yekununda R.Kadırov azərbaycanlı idmançının cəld reaksiyaya və kəskin zərbəyə malik olduğu, özünü müdafiədə yaxşı hiss etdiyi qənaətinə gəlib.

Z.Səmədov "Report"a açıqlamasında Azərbaycanı xaricdə peşəkar idmançı kimi təmsil etməkdən qürur duyduğunu bildirib. Bununla yanaşı, o, gələcəkdə öz ölkəsinin klublarından birində çıxış etmək arzusunda olduğunu açıqlayıb: "Əvvəllər Belarus klubunun üzvü kimi də döyüşlərə qatılmışam. Artıq "Axmat" klubu adından mübarizə aparacağam. Əlbəttə, çox istərdim ki, gələcəkdə Azərbaycan klublarında çıxış edim. Amma harada olsam, yenə Azərbaycanı böyük qürurla təmsil edəcək, öz ölkəmin adını daim uca tutmağa çalışacağam".


Müəllif: