24 Dekabr 2015 12:48
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası bu gün inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil.

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmayıb, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib.

2015-ci il Azərbaycan idmanı üçün xüsusilə əlamətdar oldu. Bakının I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin idmançılarımızın qazandıqları medalların sayının artması ölkəmizin mühüm uğurudur. İl ərzində atletlərimiz Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 820-dən çox medal qazanıblar. Bununla da ötənilki göstəricimiz daha da yaxşılaşıb.

2015-ci ilin ən yadda qalan idman turniri təbii ki, Bakının ev sahibliyi etdiyi İlk Avropa Oyunları oldu. Bu mötəbər yarışın Azərbaycanda keçirilməsi birbaşa İlham Əliyevin ciddi səyləri nəticəsində baş tutdu. Demək olar ki, təşkilatçılığın Bakıya verildiyi gündən bütün hazırlıq prosesini diqqətdə saxlayan ölkə başçısı dəstəyini əsirgəmədi. Bütün idman obyektlərinin açılışında şəxsən iştirak etdi, idmançılar üçün yaradılan şəraitlə maraqlandı və zəruri tövsiyələrini verdi. Elə Oyunlar zamanı da daim idmançılarımızın yanında olan Prezident qazanılan uğurları çəkilən əziyyətlərin bəhrəsi kimi qiymətləndirdi.

Dünyanın idman tarixində silinməz iz qoyan İlk Avropa Oyunlarının rəsmi açılış mərasimində yüksək səviyyəli qonaqların iştirakı bu Oyunların əhəmiyyətini bir daha təsdiq etdi. Avropa Oyunlarına bütün dünya böyük maraq göstərdi. Qitənin idman tarixində mühüm hadisə olan bu Oyunların Azərbaycanda keçirilməsinə qərar verilməsi təbii ki, ölkənin beynəlxalq nüfuzundan və dünyada formalaşdırdığı müsbət imicdən irəli gəlir. Bu amil həm də Azərbaycanda idmana göstərilən qayğı, idman sahəsində əldə olunan uğurlarla da sıx bağlıdır. Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitliyə və son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərə inamın təsdiqi oldu. Prezident İlham Əliyevin hərtərəfli fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi.

Əlbəttə, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir.

İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.

Az öncə qeyd etdiyimiz Avropa Oyunları təkcə idman baxımından ölkəmizi tanıtmadı. Bütün dünyanın diqqəti həmin yarışın açılışından bağlanış gününə qədər Azərbaycanda oldu. Ölkəmizə təşrif buyuran əcnəbi qonaqlar mədəniyyətimiz, musiqimiz, ənənələrimiz haqqında daha ətraflı məlumat əldə etdi. Xalqımız, xüsusilə də idmansevərlər Avropanın aparıcı idmançılarını, bütün beynəlxalq və Avropa Olimpiya ailəsinin nümayəndələrini görmək və ölkəmizlə fəxr etmək imkanı qazandı. Demək olar ki, Avropa oyunları bütün dünyada yayımlandı.

Məşəlin alovlandırılması mərasimi də çox yaddaqalan oldu. İlham Əliyevin Atəşgah məbədində alovlandırdığı məşəl bütün Azərbaycanı qarış-qarış dolaşdı. İlk Avropa Oyunlarının həyəcanını hiss etməyən rayon və şəhər qalmadı.

Birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırma mərasimində geniş nitq söyləyən ölkə başçısı idmançıların rolunu xüsusi qeyd etmişdi:

“Mən idmançıların uğurlarını, qələbələrini xüsusilə qeyd etmək istəyirəm. Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq. Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki, bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır. Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insani potensial, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik - məhz budur bizim uğurlarımızın əsas şərtləri. Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçiriblər, onlar da özlərini göstərmək istəyirlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərdik”.

Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Təkcə cari ildə ölkəmizdə keçirilən Avropa oyunlarını və gələn il təşkil ediləcək Formula-1 yarışlarını qeyd etmək kifayətdir ki, Azərbaycanın dünya idmanında tutduğu mövqeyi görmək olsun.

Aydındır ki, ölkə rəhbərinin iş qrafiki sıx olur. Xarici səfərlər, qonaqların qarşılanma mərasimləri, ölkədaxili problemlərlə maraqlanmaq və s. Ancaq İlham Əliyev bu cür gərgin iş rejimində belə idmanı diqqətdən kənarda saxlamır. İlboyu böyük yarışları izləyir, dəyərli mükafatlar qazanan idmançıları şəxsən təbrik edir.

2015-ci ilin əsas idman hadisəsi İlk Avropa Oyunları olsa da, bundan əvvəl və sonra görülən işlərdən də danışmaq vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə, paytaxt Bakıdan başqa regionlarda Olimpiya kompleksləri, yeni idman meydançaları və sağlamlıq obyektləri tikilib istifadəyə verildi. Bütün bu görülən işlər gənc nəslin sağlam böyüməsinə, idmanın inkişafına təkan verir. Hazırda bölgələrdə fəaliyyət göstərən 41 Olimpiya İdman Kompleksində uşaqlar sərbəst şəkildə idmanla məşğul olurlar. Həmçinin regionlarda uşaqlar arasında zona yarışları da təşkil olunur ki, bu da idmanın kütləviləşdirilməsinə xidmət edir.

Cənab Prezident Olimpiya hərəkatının təməlini qoymaqla, eyni zamanda Azərbaycanda vətənpərvər, millətini, dövlətini sevən və onun müstəqilliyi uğrunda canından keçməyə hazır olan gənclər hərəkatının təməlini qoymuş oldu! Bu gün bütün Azərbaycan xalqı və 100 minlərlə Azərbaycan gənci bu uğurlu siyasəti dəstəkləyir və cənab Prezidentin ətrafında sıx birləşir!

Ölkəmizdə böyük yarışların yüksək səviyyədə keçirilməsi və bunun üçün yaradılan şərait, qısa müddətə görülən işlər və reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Əlbəttə, Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində...

Pərviz


Müəllif:

Oxşar xəbərlər