Martın 14-də Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışlarda 16 oğlan və 11 qız komandası iştirak edir.
Respublikanın bir sıra şəhər və rayonlarının təmsil olunduğu birinciliyə martın 18-də yekun vurulacaq.
Qeyd edək ki, yarışda qalib olmuş oğlanlardan və qızlardan ibarət komandalarımız 8-17 iyul 2016-cı il tarixində Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.