31 May 2016 18:52
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 gündən sonra Bakının mərkəzi küçələri dünyanın ən məşhur 22 Formula 1 pilotunun sürət, texnika və cəsarət yarışındakı gərgin rəqabətinə səhnə olacaq.

İyunun 17-18-i və 19-da bolidlər paytaxtın gözoxşayan mərkəzi küçələrindən keçəcəklər.
3 günlük yarış həftəsonu biletləri Formula 1 Avropa Qran Prisinin sərbəst yürüşlərini, təsnifat mərhələlərini, bazar günündə baş tutacaq əsas yarışı və axşam konsertlərini izləməyə imkan verəcək. Bu biletlərə sahib olanlar yarış həftəsonu ərzində Formula 1 şəhərciyində salınacaq müxtəlif əyləncə yerlərinə və ticarət zonalarına daxil ola biləcəklər. Formula 1 biletinin sahibləri üç dünya ulduzunun - Kris Braun, Enriki İqlesias və Farrell Uilyamsın konsertində iştirak imkanı da qazanır. Həmçinin bilet sahibləri pilotlarla avtoqraf sessiyalarında da iştirak edə bilər. 30 minə yaxın tamaşaçı eyni anda Formula 1 yarışını tribunalardan canlı izləyə biləcək.

Tomas Buçer: “Tamaşaçılar Formula 1-i 9 tribunadan izləyəcək”

Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer Teleqraf.com-a deyib ki, tamaşaçılar üçün 9 müvəqqəti tribuna nəzərdə tutulub: “Yarışdan sonra isə tribunalar söküləcək. Artıq 7-si quraşdırılıb, hazırda Abşeron tribunasında inşa işləri davam edir. Doqquzuncu tribuna isə Four Season otelinin qarşısında quraşdırılacaq. Avtomobil yoluna maneçilik törətməsin deyə tikintiyə iyunun 2-də start veriləcək”.
Artıq İçərişəhər, Azneft, Sahil, Qız Qalası, Filarmoniya, Bulvar və Xəzər tribunalarında tamamlanma işləri görülüb.

Ayaqüstü zonalar

Onun sözlərinə görə, ümumilikdə tribunalarda 20 minə yaxın oturacaqlar nəzərdə tutulub. Bulvar ərazisində yarışı izləmək üçün ayaqüstü yerlər də olacaq. Tamaşaçılar yarışı xüsusi təyin olunmuş sahələrdə ayaq üstə izləyə biləcəklər. Ümumi giriş bileti yarışı müxtəlif nöqtələrdən izləmək istəyən tamaşaçılar üçün yaradılıb. Bu bilet tamaşaçılara yarışı trek boyunca müxtəlif yerlərdə izləmək fürsəti verir. Azarkeşlər yarışa trekin müxtəlif hissələrində yerləşən tamaşaçı podyumlarından və ya çəmənliklərdə salınmış oturma yerlərindən tamaşa edə biləcəklər.

Satışda qalan biletin ən ucuzu 190 manatdır

Biletlər Bakı Şəhər Halqasının rəsmi səhifəsində onlayn satılır. Biletləri www.bakucitycircuit.com veb səhifəsindən almaq mümkündür. Formula 1 fanatları Park Bulvar AVM, 28 Mall, Port Baku TC, F1 Əyləncə mərkəzində və Su İdman Sarayında fəaliyyət göstərən bilet satış mərkəzlərindən də bilet əldə edə bilər.
Ötən ilin dekabrından satışa çıxarılan biletlər içərisində qiyməti 30-140 manat arası olan biletlər artıq qurtarıb. Hazırda satışda qalan biletlərin ən ucuzunun qiyməti 190 manat təşkil edir.

Xəzər və Bulvar tribunasının biletləri 190 manata təklif edilir. Bu tribunalardan bilet alanlar bolidlərin START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini izləmək imkanına sahib olacaqlar. Digər tribunalar yarış məkanının müxtəlif strateji məkanlarında yerləşdirilib və azarkeşlərə həm şəhərin füsunkar mənzərəsini, həm də nəfəsçəkən yarış anlarını yaxından izləməyə şərait yaradır.

Abşeron – Əsas tribuna

Ən böyük tribuna Abşeron tribunasıdır. Bura 5 min izləyici tutuma malikdir. Bu tribunada yarışları izləmək istəyənlər 750 AZN ödəməlidir. Abşeron tribunası yarışı dəqiq və yaxından izləyə bilmək baxımından ən üstün mövqedə yerləşir. Komandaların avtoqarajları ilə üzbəüz yerləşən Abşeron tribunasına (əsas tribuna) bilet alanlar yarışın yüksək adrenalin dolu başlanğıcına şahid olmaq və həyəcan verici pit-stop əməliyyatlarını izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər. Bu tribunada olan yarış həvəskarları Pit Yolu, start düzülüşü və finiş xəttini yaxından izləyə biləcəklər.

“Bizimkilərə 20-40 % endirimli biletlər”

Azərbaycan Respublikası vətəndaşları və ölkədə müvəqqəti yaşama izni olan əcnəbilər üçün biletlərin qiymətində güzəştlər var. “Bizimkilərə 20-40 % endirimli biletlər” adlı kampaniyaya əsasən Azərbaycan vətəndaşları xaricilərdən daha ucuz bilet almaq şansı əldə edir. www.bakucitycircuit.com veb səhifəsinə daxil olan Azərbaycan vətəndaşı güzəştli bölməyə daxil olaraq endirimli biletdən yararlana bilər.

Məsələn, İçərişəhər tribunası üçün 3 günlük bilet almaq istəyən azərbaycanlı 437 manat 76 qəpik, əcnəbi isə 625 manat 43 qəpik ödəməlidir. Onlayn bilet alarkən xüsusi pəncərə açılır, orada müvafiq bölmədə yerli İD kod yazılmalı təqdim olunmalıdır. Yanlış məlumat daxil edən bilet alıcı məsuliyyəti özü daşımalı olacaq.
Qeyd edək ki, Formula 1 Avropa Qran Prisi üçün ən bahalı biletlər Paddok klubda təklif edilir. VİP şəraitli olan bu klubda yarışı izləmək istəyənlər azı 4 min manat pulundan keçməlidir.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər