26 Dekabr 2018 08:17
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarlarında neftin qiymətindəki kəskin eniş daha çox psixoloji amillərlə bağlıdır. ABŞ qoşunlarını Suriyadan çıxarır, Amerikanın mərkəzi bankı sayılan Federal Ehtiyat Sistemi (FES) bu günlərdə faiz dərəcəsini yenə artırdı, ABŞ-Çin ticarət müharibəsi dondurulmuş vəziyyətdədir, Avropa Birliyi iqtisadiyyatında bir az əvvəl başlanmış iqtisadi irəliləmədə durğunluq yaranıb və sair. Neftin qiymətinə təsir edən məhz bu amillərdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, bazarda təklifdə bir az izafilik mövcuddur və ABŞ-da gündəlik hasilat artıb: "OPEC+ ölkələri dekabrda keçirdikləri görüşdə hasilatı azaltmaq barədə qərar qəbul etsələr də, bu, təklifi normallaşdırmadı. Çünki qərarın gücü bunun üçün yetərli səviyyədə deyil. Sözün qısası, iqtisadi səbəblər də kifayət qədərdir. Odur ki, bu cür vəziyyət bir müddət davam edəcək və etməlidir".

Qiymətlərdə stabilliyin yaranması məsələsinə gəlincə, ekspert hesab edir ki, bu, OPEC+ ölkələrinin növbəti dəfə hasilatı azaldacağı haqda qərar qəbul edəcəyi halda mümkündür: "Buna hələ var, çox güman, 2019-cu ilin mayına kimi qiymətlər bu cür "oynayacaq", qiymətlərdə sabitlik qısamüddətli olaraq müşahidə ediləcək. Ancaq neftə tələbat həmişə olduğu kimi azalan deyil, artan xətt üzrə inkişaf edəcək. Odur ki, neftin qiyməti 40 dollardan aşağı düşən deyil".


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər