16 Sentyabr 2014 10:22
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşüb. Teleqraf.com-un məlumatına görə, görüşdə Bundestaqın iqtisadiyyat və sənaye üzrə komissiyasının sədri Peter Ramsauer və iqtisadi əməkdaşlıq üzrə komissiyanın sədri Daqmar Vöhrl, eləcə də Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel iştirak ediblər.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Almaniya əməkdaşlığının uğurla inkişaf etdiyini qeyd edərək, əlaqələrin genişlənməsində qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-Almaniya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun, həmçinin Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir: “Hazırda Azərbaycanda müxtəlif sahələrdə 177 Alman investisiyalı şirkət fəaliyyət göstərir. Azərbaycan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), KfV Bankı ilə sıx əməkdaşlıq edir, birgə layihələr həyata keçirilir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Almaniya ilə ticarət əlaqələri ildən-ilə genişlənir. 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artaraq 2,2 milyard dollara çatıb. Artım tendensiyası 2014-cü ildə də davam edib, bu ilin 7 ayı ərzində ticarət dövriyyəsi 15 faiz artıb”.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş və münaqişənin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu diqqətə çatdırıb.

Almaniya Bundestaqının komissiya sədrləri Daqmar Vöhrl və Peter Ramsauer Azərbaycandakı sosial-iqtisadi inkişafı müsbət qiymətləndirib.

Görüşdə Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin daha da genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb, sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, İKT və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər