“Qazın qiymətini formalaşması artıq neftə yox, başqa meyarlara söykənməlidir”.
Bu fikirləri enerji məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev Teleqraf.com-un suallarını cavablandırarkən deyib. Onunla müsahibəni təqdim edirik.
- Zəfər müəllim, Energetika Nazirliyinin açıqladığı son 6 ayın göstəricilərinə əsasən, Azərbaycanda qaz hasilatı nefti üstələyib. Sizcə, Azərbaycanda qaz hasilatında artım davam edəcəkmi?
- Azərbaycanda neft hasilatının ildən-ilə aşağı düşməsinə baxmayaraq, növbəti illərdə ölkəmizin qaz hasilatında artımlar müşahidə olunacaq. Çünki Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) aktivində olan kifayət qədər zəngin qaz yataqları var. “Şahdəniz” qaz-kondensat yatağında ikinci mərhələ çərçivəsində yüklənməsi həyata keçirilir.
Bundan əlavə, “Ümid”, “Babək” və digər yataqlarında da qazma və hasilat işləri davam etdirilir. Ona görə də qarşıdakı illərdə Azərbaycanın neft hasilatında azalma qarşılığında, yüngül qaz kondensatının hasilatında artım baş verəcək. Bu, həm Azərbaycanın daxilində enerji təhlükəsizliyinin təmin olunmasına, həm neft emalı zavodlarının xammalla yüklənməsinə, həm də digər kimya təyinatlı emal müəssisələrinin funksional fəaliyyət göstərməsinə imkan yaradacaq.
- Qaz ixrac həcmlərində əhəmiyyətli artımlar qeydə alınarsa, yeni ixrac mənbələrinə ehtiyac yaranarmı?
- Azərbaycanın əsas ixrac satış marşrutu artıq bəllidir. Hesab edirəm ki, biz həmin bazarlarda mövqeyimizi qoruyub saxlamalıyıq. Yeni ixrac mənbələri axtarmağa ehtiyac yoxdur. Çünki Azərbaycan qazı üçün ən real satış bazarı ilk növbədə qonşu dövlətlərdir, yəni Cənubi Qafqaz regionu. Ölkəmiz üçün ikinci əlverişli satış bazarı Avropadır. Azərbaycan artıq həm Cənubi Qafqazda, həm Türkiyədə, həm də Avropada real bazarını ələdə edib.
Bildiyimiz kimi, Cənub Qaz Dəhlizinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Bu ilin sonun kimi Azərbaycan qazı Avropa bazarına daxil olacaq. Bu koridorda da kifayət qədər yeni layihələrin həyata keçirilməsini müşahidə edəcəyik, yəni birləşdirici qaz kəmərləri vasitəsi ilə. Çünki Azərbaycan qazı İtaliyanın cənubuna qədər uzanacaqsa, o dəhlizdə digər ölkələrin də bizim mavi yanacaqdan istifadə etmək imkanları yaranacaq. Cənub Qaz Dəhlizi yalnız ixrac gücü deyil, eyni zamanda qaz alqı-satqısı sahəsində geniş bir əməkdaşlıq platformasıdır. Kəmərin keçdiyi dəhlizdə dayanaq tapmış ölkələrin və eləcə də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşulan digər ölkələrin də Azərbaycanın karbohidrogen ehtiyatlarından istifadə etmək imkanları yaranır.
Qarşıdakı illərdə dünyanın enerji portfelində təbii qaz nefti üstələyəcək. Eyni zamanda bir çox dövlətlərdə neft-qaz, daş kömür və atom enerjisi ilə paralel həm də alternativ və bərpa olunan enerji mənbələrinin də inkişafı ilə bağlı xüsusi proqramlar həyata keçirilir.
Ona görə də neftdən bərpa olunan enerji mənbələrinə keçiddə təbii qaz aralıq enerji mənbəyi kimi dəyərləndirilir. Çünki təbii qaz eyni zamanda kimya sənayesinin inkişafı üçün əlverişli xammal mənbəyidir. Bu baxımdan növbəti illərdə neft məhsullarına olan tələbat qazdan alınan kimya məhsullarına olan tələbatdan aşağı olacaq. Dünya üzrə təbii qaza olan tələbat ildən-ilə artacaq.
- Qaz ixrac marşrutu üzrə Azərbaycan qazı ilə rəqabət apara biləcək başqa mənbələr varmı?
- İlk növbədə qeyd edim ki, ixrac marşrutunda Azərbaycan qazı ilə rəqabət imkanı olan digər mənbələr olduqca zəifdir. Bu baxımdan Azərbaycan qazının həm Gürcüstan, həm Türkiyə, həm də Avropa bazarında öz mövqeyini qoruyub saxlamaq üçün kifayət qədər imkanları var.
- Ölkənin neft hasilatının azaldığı bir dövrdə qaz neft gəlirlərini kompensasiya edə biləcəkmi?
- Xeyir. Uzun illərdir ki, bu, müzakirə mövzusudur. Əlbəttə, təbii qazın satış qiyməti ilə neftin satış qiymətindən əldə olunan gəlirlər arasında fərq var. Bu gün dünya bazarında Brend markalı etalon neftin sentyabr müqaviləsinin dəyəri 42 dollardır. “Platts” nəşrinin və “Bloomberg” agentliyinin təsbit etdiyi əmsala çevirsək, 1 ton xam neft 7,33 bareldir. Bu əmsalla 42 dolları 7,33-ə çevirdikdə 290 dollara yaxın məbləğ edir.
Qazın qiyməti isə neftin dünya bazarındakı qiymətinə bağlıdır. Uzunmüddətli qaz alqı-satqı müqavilələrinə hər 6 aydan bir dünya bazarında neftin qiymət konyunkturu əsasında yenidən baxılır. Eyni zamanda qaz bazarlarında ikinci bir satış bazarları var, burada da spot (dəyişməz) qiymətlərlə satırlar.
- Sizcə, qlobal qaz bazarın tənzimlənməsinə ehtiyac varmı?
- Qarşıdakı illərdə dünyada təbii qaza olan tələbatı neftə olan tələbatı bir neçə dəfə üstələyəcək. Bunu nəzərə alsaq, əlbəttə, təbii qaz bazarının tənzimlənməsinə ehtiyac var. OPEC və kənar dövlətlər daim neft qiymətlərini tənzimləyir. Əgər dünya bazarlarında neftin qiyməti hər hansı formada təhdid altına düşürsə, yəni tələb-təklif balansı pozulursa, onda neft ixrac edən dövlətlər süni şəkildə bazara müdaxilə edirlər. Bazarın tələbatına uyğun neft hasilatını, ixrac həcmlərini müəyyən edirlər. Bu, son anda bazarlarda tarazlığın bərpa olmasına imkan yaradır. Amma bu gün qaz bazarları tənzimlənən bazar deyil.
Təbii qaz bazarlarını tənzimləmək üçün yeni beynəlxalq bir quruma ehtiyac var. Doğrudur, Qaz İxrac edən Ölkələr Forumu (Gas Exporting Countries Forum – GECF) var, amma bu təşkilat geniş əməkdaşlıq platforması deyil. Onun hər hansı qərar vermək səlahiyyəti yoxdur. Qarşıdakı illərdə qaz bazarının tənzimlənməsi üçün mütləq böyük bir təşkilatın qurulmasına ehtiyac var.
Çinin açıqladığı statistik məlumatlara baxsaq, çox da aşağı qiymətlərə qaz idxal etmədiklərini görmək olar. Məsələn, Vyanadan idxal etdikləri qazın hər min kubmetrinə 300 dollardan yuxarı vəsait ödənilir. Yaxud da Türkmənistandan idxal olunan qazın hər min kubmetrinə 180 dollardan yuxarı məbləğ ödənilir.
Eləcə də Özbəkistan və Qazaxıstandan idxal olunan qaz həcmlərinin hər min kubmetrinə ödənilən məbləğ 210 dollardan yuxarıdır. Hazırkı dövr üçün qiymətlərin çox da aşağı olmadığını görmək olur. Təbii ki, qaza olan tələbat artdıqca qiymət də artmalıdır. Bu baxımda qazın qiymətini formalaşması artıq neftə yox, başqa meyarlara söykənməlidir. Qaza tələbat artdıqca qazdan alınan neft-kimya məhsullarının bazar qiyməti də yüksək olacaq.
- Neft erasının bitdiyini demək olarmı?
- Xeyir, bunu demək hələlik mümkün deyil. Çünki neft və onu əvəz edəcək yanacaq növü hələ ki, neftin istifadə imkanlarını üstələməyib. Neftdən istifadənin pik dövrü təxminən 2030-2040-cı illərə qədər davam edəcək.
Pandemiya dövründə neft və neft məhsullarına olan tələbat kifayət qədər aşağı düşdü. Təbii ki, bu, çox uzun dövrü əhatə etməyib, amma çox qısa müddətdə bazar özünü tənzimlədi və müəyyən bərpa prosesi getdi. Əgər aprel ayında xam neftə olan qlobal tələbat 80 milyon bareldən aşağı idisə, qısa müddətdən sonra bu, artıq 90 milyon barel civarında oldu. Çox qısa zaman kəsiyində 10 milyon barel artım baş verdi. Tələbatda bərpa prosesi gedirsə, təbii ki, neft məhsullarına olan tələbat da artır. Bu baxımdan yaxın 10 ildə hələ ki, neftin alternativi yoxdur.
- Təbii qazın neft kimi böyük gəlir gətirəcəyinə ümid etmək olarmı?
- Avropada iki əsas oyunçu var: Rusiya Federasiyası və Norveç. Rusiyanın “Qazprom” şirkəti və Norveçin “Statoil” indiki “Equinor” şirkəti Şimal dənizindən qaz hasil edir. Norveçin aktivində olan Şimal dənizindəki qaz həcmləri Avropanın bir çox ölkələrində satılır. 10 il bundan öncə “Qazprom”un boru kəmər qazının hər min kubmetrinin satış qiyməti 500 dollar civarında olub. Bəzi Avropa ölkələri üzrə “Qazprom”un satış qiyməti 420-430 dollardan yuxarı olub. Bu, az məbləğ deyil.
Azərbaycan tək boru kəmər qazının ixracı və satışı ilə məşğul olmur, eyni zamanda Karbamid zavodu, etanol boru kəmər qazından alınan məhsulların da satışı var. Növbəti illərdə bu məhsulların da dünya bazar qiymətində sıçrayışlar olacaq. Karbamid kənd təsərrüfatı gübrəsidir, ikinci məhsul neft-kimya sənayesində əvəzedilməz xammaldır. Əgər növbəti illərdə Azərbaycanda böyük həcmdə qaz hasil edilərsə, ölkəmizdə müasir qaz-kimya komplekslərinin tikilməsi də qaçılmazdır. Onlardan alınan kimya məhsullarının bazar qiyməti çox yüksək olacaq.
Aktivimizdə olan yataqlardan qazı hasil edib, təmizləyib boru kəmərinə nəql etməklə və onu xarici müştəri bazarlarına satmaqla işimizi bitmiş hesab etməməliyik. Paralel olaraq daxili bazarda qazdan yüksək keyfiyyətli neft-kimya məqsədli məhsullarının alınmasında da təmin edə bilərik. Bu istiqamətdə də səylərimizi genişləndirməliyik. Yeni istehsal sahələri yaranmalıdır ki, növbəti illərdə ölkənin dönərli valyutaya ehtiyacı ödənilsin.