13 Avqust 2020 16:21
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun sonunda qeydə alınan göstəricilərə görə, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 97 faizi yekunlaşıb.

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, Azərbaycan qazının Avropa bazarlarına daxil olması ölkəmizin enerji siyasətinin tərkib hissəsidir:

“Eyni zamanda Azərbaycanın Avropanı qaz bazarlarında indidən yer alması, perspektivdə həmin bazarlara əlavə tədarük həcmlərinin nəql olunmasına münbit şərait yaradır. Digər tərəfdən Cənub Qaz Dəhlizi sadə ixrac gücü deyil, həmçinin geniş əməkdaşlıq platformasıdır. Gələcəkdə Xəzərin Azərbaycan sektorundakı əlavə qaz hasilat həcmlərinin də bu kəmər vasitəsi ilə Avropanın, eləcə də Türkiyənin müştəri bazarlarına çıxarılması imkanı var. Kəmərin 2021-ci ildə tam miqyasda sənaye istismarına verilməsi planlaşdırılır. Bu tarixdə artıq Azərbaycan qazı Avropanın cənubuna, yəni İtaliyaya yetişəcək”.

Ekspert deyir ki, pandemiyadan sonra dünya bazarında neft və neft məhsullarına olan tələbat aşağı düşüb: “Epidemiya bütövlükdə neft-kimya sektoruna neqativ təsir göstərib. Keçən illə müqayisədə bu il neft-kimya məhsullarına tələbat da aşağı düşüb, qiyməti də. Eyni zamanda təbii qaza və ondan alınan məhsullara da tələbat aşağı olub. Amma bu o demək deyil ki, kəmər istismara verildikdən sonra Azərbaycanın gəlirləri aşağı düşəcək. Bu, belə deyil. Çünki hazırda dünyanın bir sıra dövlətləri Paris müqaviləsi çərçivəsində ekoloji tarazlığın qorunub saxlanması, qlobal istiləşməyə qarşı kompleks tədbirlər planının həyata keçirilməsi, mərhələli şəkildə az karbonlu yanacaq növlərinə keçid qarşıdakı illərdə təbii qaza olan tələbatı qaçılmaz edir. Çünki ənənəvi enerji mənbələrindən alternativ enerji mənbələrinə yumşaq keçiddə təbii qaz aralıq enerji mənbəyi kimi dəyərləndirilir. Onun ekologiyaya mənfi təsiri neft və neft məhsullarının təsirindən aşağıdır. Bu baxımdan qarşıdakı illərdə də təbii qaza olan tələbat müəyyən mənada artacaq”.

Zəfər Vəliyevin sözlərinə görə, Azərbaycanın qarşıdakı illərdə təbii qazın satışından müəyyən gəlirlər əldə etmək imkanları çox yüksəkdir: “Çünki “Abşeron”, “Babək”, “Şəfəq-Asiman” yataqlarından hasil edilən qaz həcmlərinin böyük bir hissəsi Avropa, Türkiyə və Gürcüstan bazarlarında satış imkanı əldə edəcək. Bu o deməkdir ki, Azərbaycan hələ uzun müddət Avropa bazarlarında öz payını qoruyub saxlayacaq. Doğrudur, xarici ekspertlər bəyan edirlər ki, Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu elə də yüksək deyil. Amma mən bu fikirlə razılaşmıram. Çünki Azərbaycan qazının Avropa müştəri bazarlarına daxil olması, orada qiymət rəqabət mühitini daha da sərtləşdirir. Başqa sözlə, Azərbaycan qazı Avropanın qaz bazarlarında kifayət qədər rəqabət mühitinin formalaşmasına təkan verir”.

Analitik qeyd edib ki, TAP qaz boru kəməri son 50-60 ildə neft-qaz sənayesində ən irimiqyaslı layihədir: “Kəmər Xəzər regionunun karbohidrogen ehtiyatları ilə zəngin olan yataqlarını Avropanın enerji bazarları ilə birləşdirir. Gələcəkdə Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindən digər dövlətlərin də istifadə etmək imkanı yaranır. Bu layihə Avropanın enerji təhlükəsizliyində, eyni zamanda Azərbaycanın müştəri bazarlarının genişləndirilməsi məsələsində önəmli rol oynayacaq”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər