İsraildən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk uçuş həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, ABŞ və İsrail rəsmilərini daşıyan təyyarənin sərnişinləri ABŞ Prezidenti Donald Trampın kürəkəni və baş məsləhətçisi Jared Kuşner və ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn olub.
Təl-Əvivdən yola düşən təyyarənin Əbu-Dabiyə enəcəyi bildirilir. Hakimiyyət arasındakı görüşlərdə iki ölkə arasında əməkdaşlığı artırmağın yollarının müzakirə ediləcəyi deyilir.
Bu, Birləşmiş Ştatların vasitəçiliyi ilə BƏƏ və İsrail arasındakı normallaşma müqaviləsindən sonra iki ölkə arasında ilk uçuşdur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu il avqustun 13-də İsrail və BƏƏ-nin münasibətlərini tamamilə normallaşdırmaq üçün razılığa gəldiklərini elan edib. ABŞ, İsrail və BƏƏ-nin ortaq açıqlamasında İsrail və BƏƏ rəsmilərinin qarşıdakı həftələrdə bir araya gələrək investisiya, turizm, mədəniyyət, birbaşa uçuşlar, təhlükəsizlik, telekommunikasiya, texnologiya, enerji, səhiyyə, mədəniyyət, ətraf mühit, qarşılıqlı səfirliklərin açılması məsələləri ilə bağlı müzakirə aparacaqları da bildirilib.