28 Dekabr 2020 11:12
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Növbəti ilin büdcəsində hansısa xərc və gəlir maddələrinin artıb-azalması diqqətimi çəkmədi. Əslində rəqəmlər nisbidir. İşğaldan azad olunmuş rayonların bərpasına ayrılan 2.2 milyard manatlıq yeni xərc maddəsi və öncəki illərə nisbətən büdcə kəsirinin nominal yüksək yuxarı həddi istisna olmaqla digər maddələrdə ciddi dəyişiklik yoxdur. Növbəti ilin ortalarında büdcəyə yenidən baxılması ehtimalını nəzərə alaraq rəqəmləri dəyişkən qiymətləndirmək olar”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Elman Sadıqov növbəti ilin büdcəsini şərh edərkən deyib.

İqtisadçı büdcə xərclərinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 38 faizə çatdığına diqqət çəkib: “İnanıram ki, büdcə tariximizdə bu, ən yüksək hədd olacaq. Çünki büdcə xərclərinin ÜDM-yə nisbətinin bundan sonra da artması iqtisadiyyatımız üçün müsbət amil və göstərici sayıla bilməz, əksinə həyəcan təbili çalınar.

Qeyd edim ki, dünyada inkişaf etmiş və etməkdə olan ölkələrdə bu nisbət ən çox 15-30 faiz arasındadır. Pandemiya ilə əlaqədar istisnalar, əlbəttə, ola bilər. Büdcə xərclərinin azaldılması mümkün deyil. Ümumiyyətlə, büdcə hər il artmağa məhkumdur. Əks halda iqtisadiyyatda ciddi problemlər yaranar. Artmağa məhkum olduğu üçün də büdcə kəsiri deyilən qaçılmaz amil var. Deməli, 2021-ci ildən etibarən əsas hədəf ÜDM-nin artırılması olmalıdır ki, büdcənin ÜDM-də payı nisbətən aşağı düşsün”.

Maraqlıdır, büdcədə ÜDM-nin payının yüksək olması nələrin nəticəsidir?

Analitik bunun səbəbini bir neçə amillə izah edib: “ÜDM artımı ilə büdcə artımı arasındakı əlaqənin büdcənin xeyrinə arzu olunmasa da məcburən ciddi şəkildə pozulması;

- ÜDM artımını şərtləndirən amillərin zəifləməsi;

- ÜDM artımı ilə inflyasiya arasındakı əlaqənin pozulması (illər ərzində inflyasiya və ÜDM artımı arasındakı məcmu nisbət də önəmli rol oynayır);

- Büdcə xərclərinin geri dönüş effektivliyinin zəif olması və sair.

Büdcə ilə bağlı sonuncu amil həmişə aktualdır. İlin əvvəlində ilin iqtisadi yekunlarına dair müşavirədə ölkə prezidenti belə bir fikir səsləndirmişdi ki, “rayonlara ayrılan vəsaitlərin həmin rayonların iqtisadi inkişafı və əhalinin rifahına təsir səviyyəsi ölçülməlidir”. Bu, əslində Keynesçiliyi də xatırladan elmi yanaşma, səmərəliliyi artıran metod kimi də geniş təhlil oluna bilər. Amma təhlil olunmadı. Qısaca olaraq, bu fikri açmağa çalışaq.

Rayonlara ayrılan büdcə xərcləri əsasən 2 istiqamətlidir. Sosial xərclər (müavinət, maaş, təqaüd və sair) və investisiya (infrastruktur layihələri və sair). Əsas məsələ investisiya xərclərinin səmərəliliyinin ölçülməsidir. Bu da layihələrin idarə olunması fəlsəfəsinin tərkib hissəsidir. Yəni, investisiya qoyuluşu zamanı tenderi kim uddu, nə qədər əmək haqları ödənildi, materiallar haradan alınır (yerli, xarici) və sair. Həmin vəsaitin hansı hissəsi birbaşa rayona xərcləndi, hansı hissəsi rayondan çıxdı (tikinti materiallarının alışına və sair). Məsələni çox xırdalamadan bu təhlillərin növbəti büdcə xərcləmələrində böyük faydası olacağını düşünürəm”.

Elman Sadıqovun fikrincə, hər bir xərcin müəyyən hissəsi büdcəyə geri qayıdır: “İşğaldan azad olunan bölgələrin bərpasına 2.2 milyard manat vəsait ayrılıb. Bu vəsaitin 10%-i də geri qayıda bilər, 20%-i də, 40%-i də... Yəni, orada işləyən işçilər aldıqları əmək haqlarından sosial təminat fonduna vəsait ödəyirlər, şirkət də həmin fonda vəsait ödəyir. Orada tenderi udan şirkətlər mənfəət vergisi ödəyirlər. Asfalt daxil olmaqla bir çox tikinti materialları ölkədə istehsal olunur. Materialların alışı zamanı ƏDV ödənilir, xaricdən idxal olunan mallar üçün gömrük rüsumu və yenə ƏDV ödənilir.

Bu ölçmələrin ən son nəticəsi əslində şəffaflığı göstərir. İstənilən sahəyə ayrılan vəsaitlər üzrə büdcəyə geri dönüş nə qədər aşağıdırsa, sualların sayı da bir o qədər çoxdur. Geri dönüş nə qədər aşağıdırsa, növbəti ilin büdcə gəlirlərində Neft Fondunun payı da, büdcə xərclərinin ÜDM-də payı da çox olacaq.

Məhz bu amilləri nəzərə alaraq, növbəti illərdə büdcə təhlillərinə bu təhlillərin də əlavə olunmasının büdcənin səmərəliliyi və ÜDM-nin artımı baxımından daha faydalı olacağına inanıram”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər