“ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqindən sonra ən çox müzakirə edilən iqtisadi məsələlərdən biri də dolların ucuzlaşmasıdır. COVİD-19-la mübarizədə kifayət qədər bahalı paketin icrasına başlanılması okeanın o tayında valyuta bazarına emissiya ediləcəyindən xəbər verir. Dolların səbət valyutalara, o cümlədən avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir. Amma yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq, dolların aparıcı valyutalara nisbətən də kəskin ucuzlşacağı gözlənilmir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil: “Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır”.
Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir: “Ümumiyyətlə, region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımdan sərfəli hesab olunmur. O baxımdan, bütövlükdə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur”.