İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanunun 35.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak dedikdə qarajlar, mağazalar, evlər, mənzillər və sair “kupça”sı olan obyektlər nəzərdə tutulur. Çıxarışı olmayan obyektlərin sığortası mümkün deyil. 2011-ci ildə qüvvəyə minən qanuna heç bir dəyişiklik edilməsə də, 2020-ci ildən daşınmaz əmlakın icbari sığortasının məcburi hal alacağı deyilirdi. Əhalinin kütləvi narazılığına səbəb olan icbari sığorta məsələsi başlamadan dayandırıldı.
Daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev Teleqraf.com-a deyib ki, hələlik mənzillərin icbari sığortası ilə bağlı dəyişiklik gündəmdə yoxdur.
Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə daşınmaz əmlak mütləq şəkildə sığortalanmalıdır: “Ərazidən asılı olaraq daşınmaz əmlakın icbari sığortasının qiyməti dəyişir. Bakıda mənzilə dəymiş zərərə görə sığorta şirkətləri 20-25 min manata qədər təzminat ödəyir. Azərbaycanda notarial qaydada alqı-satqı olarkən sığorta şirkəti tərəfindən əmlak 50 manata məbləğində məcburi sığortalanır. Bu, yalnız bir dəfə olur. Amma əksər insanlar öz əmlakını ildə bir dəfə nəzərdə tutulan icbari sığortadan yayınır.
Məndə olan məlumata görə, Naxçıvanda daşınmaz əmlakın 90 faizi sığortalıdır. Artıq vətəndaşların beynində bu fikir formalaşıb. Amma Bakıda bunu etmək mümkün deyil. Prosesi məcburi şəkildə etmək istəsələr də alınmadı. Sığorta şirkətləri isə yalnız çıxarışlı yaşayış və qeyri-yaşayış sahələrini sığortalayır”.
Elnur Fərzəliyevin müşahidələrinə əsasən, daşınmaz əmlak bazarında ən çox alqı-satqı prosesləri çıxarışsız həyət evləri və yeni tikili mənzillər üzərindən aparılır: “Son məlumatlara görə, təkcə paytaxt Bakıda 500 mindən çox çıxarışsız fərdi həyət evi var. Yeni tikilmiş binalarda da illərdir ki, minlərlə çıxarışsız mənzillər var. Bəzi binalar müqavilə yolu ilə satılıb, bəzi binalara çıxarış verilsə də vətəndaşlara verilməyib. Buna görə də bu mənzilləri sığortalamaq mümkün deyil. Hər hansı fövqəladə hadisə baş verərsə, 50 manatın müqabilində sığorta şirkəti dəymiş zərərin bir hissəsini ödəyir. Təbii ki, digər sığorta növlərində qiymət dəyişir.
Mərkəzdəki bahalı evlərin əksəriyyəti kirayə vermək məqsədilə alınır. Bu mənzillərdə aylıq kirayə haqqı 1 000 manatdan 3 000 manata qədər dəyişir. Burada mütəmadi mübahisəli hallar baş verir. Belə ki, kirayə qalan qonşunun evinə su axıdır, yaxud elektrik cihazında yanğın baş verir və s. Evin sığortası olmadığına görə dəymiş zərəri kirayə qalan qarşılamaq məcburiyyətində olur.
Hesab edirəm ki, bu yöndə əhali arasında müəyyən maarifləndirmə işləri aparmaq lazımdır. İkinci növbədə sənədsiz mənzillərin hamısı çıxarışla təmin olunmalıdır ki, hər kəs daşınmaz əmlakını sığortalaya bilsin. Bütün mənzillər çıxarışla təmin olunsa, bundan sonra icbari sığorta məcburi ola bilər”.
Mütəxəssis deyir ki, 2019-cu ilin sonu 2020-ci ilin əvvəllərində daşınmaz əmlakın icbari sığortası ilə bağlı məsələ ciddi müzakirə olunsa da, onu məcburi edə bilmədilər: “Əsas səbəb paytaxtın mənzil fondunun 50 faizindən çoxunda çıxarışın olmamasıdır. Sığorta şirkətlərinin qanunvericiliyi çıxarışsız mənzillərin sığortalanmasına imkan vermir.
Əmlak sığortalanarkən, o mülkün həmin şəxsə aid olduğunu göstərən qanuni sənəd olmalıdır. Necə ki avtomobillərdə texniki pasport var və sığorta məcburidir.
İcra hakimiyyətin verdiyi sərəncam, kiminsə düzəltdiyi adi texniki pasport kimi sənədlər qanunsuz olmasa da, mülkiyyət hüququnu tanımır. Bu, yolverilməzdir. Torpağa sərəncam verilir, amma üzərindəki tikiliyə verilmir. Orada tikintinin aparılması və ya hər hansı bir şəxsə aid olması haqqında yazılı heç nə yoxdur”.