Sahibkar-dövlət münasibətlərinin ortaq nöqtələrdə uzlaşdırılması, xarici iqtisadi faəliyyətin təşkili və gömrük rəsmiləşdirilməsində mövcud çatışmazlıqların müzakirəsinin daha dolğun aparılması üçün Naxçıvan Biznes Mərkəzində tədbir keçirilib. Tədbir noyabr ayının 1-dən qüvvəyə minəcək yeni bəyanetmə qaydalarının izahı məqsədilə diskussiya formasında təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov giriş sözü ilə açaraq görüşün mahiyyətindən, müzakirə olunacaq məsələlərin ümumi işə verə biləcəyi töhfələrdən danışıb.
Gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsinin, “bir pəncərə” prinsipinin tətbiqinin, xidmətlərin elektron qaydada həyata keçirilməsinin rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirdiyini önə çəkən Komitə sədri xarici iqtisadi fəaliyyət iştirakçılarına dövlətimizin iqtisadi maraqlarını, muxtar respublikanın coğrafi, iqtisadi xüsüsiyyətlərini daha əhatəli təhlil etməyi, qanunvericiliyin tələblərini dərindən öyrənməyi, gömrük əməkdaşları ilə məsləhətləşmələr aparmağı tövsiyə edib. Əlavə olaraq, gömrük rəsmiləşdirilməsinin aparılması üçün biznes subyektləri tərəfindən müəyyən şəxslərin ayrılması təklif olunub və bunun ümumi işin səmərəliliyinə müsbət təsir edəcəyi vurğulanıb.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə müxtəlif istiqamətlərdə əlaqələrin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi və digər məsələlər üzrə təkliflər paketinin hazırlanacağını bildirib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək son illər muxtar respublikada sahibkarlıq subyektlərinin fəaliyyətinə böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd edilib ki, yaradılmış şərait hesabına bu gün daxili bazarda yerli istehsalın çəkisi artsa da, idxal-ixrac əməliyyatlarının tənzimlənmə mexanizmi muxtar respublika iqtisadiyyatının dinamik inkişafına müsbət təsir göstərir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Zaur Bağırov, o cümlədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Səməd Qaralov gömrük bəyanetməsi ilə bağlı yeni qaydalardan danışıblar. Vurğulanıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına əhəmiyyətli zəmin yaranıb. Yeni qaydalara əsasən malların kateqoriyasından və yerləşdirildiyi gömrük prosedurunun tələblərindən asılı olaraq bəyannamələrin formaları, bəyannamə ilə birlikdə təqdim olunan sənədlər və Gömrük Məcəlləsində müəyyən olunmuş hallar üzrə onların təqdim edilməsi qaydaları müəyyənləşdirilib.
Komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynov öz növbəsində gömrük auditi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından, Statistika və informasiya texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti kapitanı Emin Eyvazov isə gömrük orqanları tərəfindən göstərilən elektron xidmətlərdən və elektron ödənişlərlərdən danışıblar.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov çıxışında muxtar respublikada verilmiş kreditlərin, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldildiyini, bunun nəticəsi olaraq, kənd təsərrüfatı, yerli sənaye və istehsal mallarının həcminin artdığını bildirib. Qeyd olunub ki, sahibkarlar xarici ölkələrdən aldıqları malların muxtar respublikaya gətirdiklərini təsdiq edən yük-gömrük bəyannamələrini banklara vaxtında təqdim etməli, nağdsız hesablaşmaların həcminin artırılmasına diqqəti artırmalıdırlar.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov xarici ölkələrdən idxal olunan ərzaq və qida məhsullarının, mal-materal və avadanlıqların keyfiyyət göstəricilərinə nəzarətin daha da gücləndiriləcəyini deyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov isə sahibkarlar tərəfindən Naxçıvana gətirilən məhsulların ekoloji cəhətdən təmiz olmasına ciddi diqqət yetirilməsinin vacibliyindən danışıb.
Görüş əsnasında xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin problem və qayğıları dinlənilib, təkliflər səsləndirilib, tövsiyələr verilib.
Sonda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, naxçıvanlı sahibkarların gələcək fəaliyyətlərində daha böyük uğurlara imza atacaqlarına əminliyini bildirib.
Naibə