“Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün ciddi strateji əhəmiyyəti olan bölgələrimizdəndir. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı açılışı həyata keçirilən müəssisələr və reallaşan infrastruktur layihələri Muxtar Respublikanın iqtisadi inkişafına xüsusi töhfə verəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat Dövlət Statistika Komitəsinin məlumatına istinadən bildirib ki, 2019-cu ildə Naxçıvan MR-da 3 milyard 613 milyon manatlıq məhsul və xidmətlər istehsal olunub: “Son 5 ildə Muxtar Respublikada məhsul istehsalı 762 milyon manat artıb. Bu müddətdə Naxçıvan MR-nın iqtisadiyyatı 12 faizə yaxın böyüyüb. Qeyd edək ki, 2014-cü ildə Muxtar Respublikada 2 milyard 851 milyon manatlıq məhsul istehsal olunmuşdu.
Pandemiyadan əvvəlki ildə Muxtar Respublikada 1 milyard 14 milyon manatlıq sənaye məhsulları istehsal olunub. Bu, 2015-ci illə müqayisədə 10 faiz çoxdur. Zəngin təbii-mineral ehtiyatları olan Naxçıvanın böyük iqtisadi potensialı Zəngəzur dəhlizinin istifadəyə verilməsi kontekstində daha genişlənəcək. Belə ki, dəhliz Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı sahibkarlar arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq”.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri güclənəcək: “Ölkənin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Gözlənilir ki, bu dəhliz Naxçıvanın iqtisadiyyatına töhfə verməklə sahibkarların daha böyük bazarlara çıxışını təmin edəcək. Bu baxımdan, kommunikasiyaların bərpası, Azərbaycanın qərb bölgələri ilə Naxçıvanın quru nəqliyyatı vasitəsi ilə birləşməsi Muxtar Respublikanın daha da inkişaf etməsi üçün yeni imkanlar yaradacaq”.