16 İyun 2021 18:30
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa Bəyannaməsində iki qardaş ölkənin bütün həyati əhəmiyyətli məsələləri və sahələri ilə bağlı müddəalar əksini tapıb. Bəyannamə təkcə siyasi, hərbi və təhlükəsizlik məsələlərini əhatə etmir, bura eyni zamanda iqtisadi, ticari, nəqliyyat, tranzit və digər əməkdaşlıq sahələri də daxildir”.

Bunu Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov deyib.

O, dövlət başçılarının mətbuata birgə bəyanatına da toxunub: “Mətbuat konfransında Türkiyə Prezidenti təsadüfən demədi ki, “Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var və eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin də Türkiyədəki sərmayələri bizi məmnun edir. Ümumiyyətlə, enerji sektorunda əməkdaşlıq və qarşılıqlı sərmayə qoyuluşu çoxdan mövcuddur. Bu əməkdaşlıqdan əldə olunan təcrübəni 3-cü ölkələrdə tətbiq etmək imkanları genişdir. Bu addım hər iki ölkəyə böyük xeyir gətirə bilər”.

İqtisadçı tərəflərin ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarını və ixracı şaxələndirmək, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığında qarşılıqlı faydalı inkişaf üçün daha əlverişli şəraiti təmin etmək məqsədi hədəflədiyini vurğulayıb: “Bunun üçün malların sərbəst hərəkətinin təşkili mexanizmləri yaradılacaq. Başqa sözlə, hər iki ölkənin iqtisadiyyatları biri-birilərinə daha sıx inteqrasiya olunacaq və gələcəkdə bəlkə də vahid bir mexanizm təşkil edəcək”.

Analitik tərəflərin artıq bir müddətdir ki, regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini də qeyd edib: “Cənub Qaz Dəhlizinin onurğa sütununu Azərbaycanla Türkiyə təşkil edir. Bununla belə, tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və daha da inkişaf etdirilməsi üçün səyləri artırmaq niyyətindədir. Bu çox ciddi və strateji bir məqsəddir. Həmçinin qlobal enerji sektorundakı proseslər nəzərə alınaraq regionun enerji təchizatı təhlükəsizliyi məsələsində, elektrik enerjisi sahəsində də regional əməkdaşlıq və bunun durmadan genişləndirilməsi nəzərdə tutulmaqdadır.

Ümumiyyətlə, qarşıda çox böyük planlar mövcuddur. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, Zəngəzur dəhlizinin tezliklə reallaşması yeni ideya və layihələrin meydana gəlməsinə şərait yaradacaq. İki ölkənin ərazisindən keçən Orta Koridor və yaxud Şərq-Qərb Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti birə beş artacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər