Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdəndir. Nəzərə alsaq ki, artıq 2020-ci ilin sonundan etibarən Azərbaycan Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə öz mavi qazını nəql edir. Eyni zamanda 2020-ci ildən etibarən 7 milyard kubmetr mavi qaz Avropa bazarına çıxarılıb. 2022-ci ildə də ölkəmiz Avropaya 10 milyard kubmetrə yaxın mavi qaz nəql etmək niyyətindədir. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə birinci mərhələdə Avropaya 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetrə qədər yüksələcək və bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə versin:
“İndiki halda Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun artması, həm də ölkəmizin regiondakı geosiyasi mövqeyinin daha da güclənməsi baxımından da vacib hesab olunur. Nəzərə alsaq ki, Avropada enerji böhranı var. Xüsusən də Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Avropanın mavi qaza tələbinin ödənilməsi xüsusi müzakirə olunan məsələlərdəndir. Azərbaycan Avropa bazarında hər hansısa bir şirkətə və ya ölkəyə rəqib deyil. Azərbaycanın sadəcə məqsədi Avropanın daha dayanıqlı bazarda mavi qazı çıxarmaq, bununla da həm mavi qaz ixracatını həyata keçirmək, həm də Avropanın, xüsusilə də Cənubi, sonrakı mərhələdə isə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasında daha yaxından iştirak etməkdən ibarətdir”.
Millət vəkili bildirib ki, Azərbaycan mavi qazı Avropanın qaza, enerjiyə daha çox tələbin olduğu ölkələrə ixrac olunur:
“Xüsusilə Cənubi Avropa ilə yanaşı, Mərkəzi və Şərqi Avropadan olan ölkələr də Azərbaycanın mavi qazından faydalanacaqlar. Artıq Bolqarıstanın daxili şəbəkə vasitəsilə illik 12 milyard kubmetrə yaxın mavi qaz idxal etməsi, Azərbaycan mavi qazını alması praktiki olaraq razılaşdırılıb. Rumıniya və Macarıstanın kimi ölkələr Azərbaycan mavi qazını almaqda maraqlıdırlar. Avropa Komissiyası bütövlükdə digər Mərkəzi və Şərqi Avropa ölkələrinin də Cənub Qaz Dəhlizindən faydalanmasında maraqlıdır. Nəzərə alsaq ki, həmin ölkələrin Azərbaycandan aldığı mavi qaz gələcəkdə, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələrinin mavi qaza olan tələbinin yarıdan çoxunu formalaşdıra biləcək. Buna görə də əslində, praktik olaraq Azərbaycan mavi qazını alan ölkələrin enerji təhlükəsizliyinə xüsusi töhfə olacaq. Bu kontekstə indiki düzəni və Avropada enerji böhranının davam etdiyini nəzərə alsaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun 2022-ci il də daxil olmaqla, növbəti illərdə daha da güclənəcəyi gözlənilir. Eyni zamanda, Cənub Qaz Dəhlizi Azərbaycan üçün iqtisadi bir layihədir. Çünki bu layihə Azərbaycanın valyuta gəlirlərinin artmasına imkan verəcək. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcəyi proqnozlaşdırılır”.