22 İyun 2022 22:00
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hərbi heyəti bu həftə Ukrayna taxıl ixracı üçün Qara dənizdə təhlükəsiz dəhlizin təşkilinin təfərrüatlarını müzakirə etmək üçün Rusiyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyasındakı mənbələr məlumat yayıb.

Rusiya mətbuatı da Kremlin sözçüsü Dmitri Peskova istinadən danışıqların aparılması planlarını təsdiqləyib.

Məlumata görə, yaxın həftələrdə İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Türkiyə, Ukrayna, Rusiya və BMT arasında dördtərəfli görüş baş tutacaq.

Ankara planlaşdırılan dəhlizlə bağlı artıq Rusiya və BMT ilə danışıqlar aparıb. Yekun razılaşma üçün bütün tərəflərin İstanbulda görüşü tələb olunacaq və burada Türkiyə bu planın icrasına nəzarət etmək niyyətindədir.

Qeyd edək ki, Ukrayna dünyada ən böyük buğda tədarükçülərindəndir. Rusiya ilə müharibə səbəbindən Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı dayandı və bu, qlobal ərzaq qıtlığına səbəb oldu. Moskva böhranın səbəbini Qərbin sanksiyaları olduğunu iddia edir. Birləşmiş Millətlər Təşkilatı hər iki ölkəni və onların dəniz qonşusu Türkiyəni taxıl ixracı üçün dəhliz barədə razılığa gəlməyə çağırıb.


Müəllif: Yeganə Oqtayqızı