14 Yanvar 2023 12:16
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanvarın 19-dan etibarən ABŞ-ın ödənilməmiş borcunun qanuni limitə çatacağı təxmin edilir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ maliyyə naziri Canet Yellen Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə borc limiti ilə bağlı yazdığı məktubunda qeyd edib.

Yellen Konqresi borc limitini artırmaq və ya dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb: “2021-ci il dekabrın 16-da qanuni borc limiti təxminən 31,4 trilyon dollara yüksəldildi. Limitə çatdıqda xəzinədarlıq ABŞ-da defoltun qarşısını almaq üçün bəzi fövqəladə tədbirlər görməyə başlamalı olacaq.

Konqresin borc limitini artırmaq və ya dayandırmaq üçün vaxtında tədbir görməsi çox vacibdir.

Konqresi ABŞ-ın tam etibarını və nüfuzunu qorumaq üçün təcili tədbirlər görməyə çağırıram”.

Nazir həmçinin xəbərdarlıq edib ki, hökumətin öhdəliklərini yerinə yetirməməsi ABŞ iqtisadiyyatına, bütün amerikalıların dolanışıq qaynaqlarına və qlobal maliyyə sabitliyinə düzəlməz ziyan vura bilər.

Qeyd edək ki, ölkənin borc limiti 2021-ci ilin dekabrında 2023-cü ilə qədər 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmış və ABŞ-ın defoltunun qarşısı alınmışdı.


Müəllif: Yeganə Oqtayqızı