24 Fevral 2023 14:10
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb.

Qeyd olunur ki, yerli bazardakı pərakəndə şirkətlər "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir.

Sözügedən açıqlama sosial şəbəkələrdə aktiv müzakirələrə səbəb olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Teleqraf.com-a məsələni şərh edib.

O bildirib ki, yerli pərakəndə şirkətlərin "Trendyol"dakı qiymətlə rəqabət apara bilməməsi bir faktdır: “Doğrudan da “Trendyol”la alınan mallar elə qiymətə başa gəlir ki, yerli şirkətlər həmin qiymətlərlə rəqabət apara bilmir. Təbii ki, “Trendyol”un fəaliyyətini tamamilə dayanadırmaq da ciddi problem yarada bilər. Amma bunun qarşısını müəyyən qədər almaq üçün baxmaq lazımdır, Azərbaycanda nə istehsal olunur. İstehsal olunan və ya istifadə olunan elə məhsullar var ki, onların ölkəyə gətirilməsində bir problem yoxdur. Elə məhsullar da var ki, xaricdən gətiririk, axı biz istehsal da edirik. Burada məsələ ətraflı araşdırılmalıdır”.

Deputat hesab edir ki, Dövlət Xidmətinin qaldırdığı məsələ düzgündür: “Nazirliyin apardığı müzkirələrdə mən də iştirak etmişəm. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Azərbaycanın daxili bazarını qorumalıdır. Bu, İqtisadiyyat Nazirliyinin bir xidmət növüdür.

Bu məsələ araşdırılarkən baxmaq lazımdır ki, “Trendyol”la əsasən hansı məhsullar gətirilir. Yəni hansı xidmətlərin üstünlük təşkil etdiyi ortaya çıxmalıdır. Qənaətimcə, bu məsələnin tənzimlənməsinə ehtiyac var”.

Vahid Əhmədovun fikrincə, parlamentdə müzakirəsi gedən “Rəqabət Məcəlləsi” qəbul ediləndən sonra bu məsələlər öz yerinə oturacaq: “Ölkədə bazar iqtisadiyyatının tam oturuşması, azad rəqabət mühitinin yaradılması və formalaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, monopoliyanın aradan qaldırılması üçün “Rəqabət Məcəlləsi”nin qəbulu vacibdir.

“Trendyol”la sifarişlər əsasən “online” aparılır. Görünür bu, insanlara sərf edir ki, xidmətdən istifadə edir. Amma daxili bazarda pərakəndə satışla məşğul olanlar da həmin malları gətirirlər axı... İcarə haqları və digər vergi ödənişləri səbəbindən həmin mallara qoyulan qiymət nisbətən yüksək olur. Burada problem var, araşdırmaq lazımdır”.

İqtisadçı Natiq Cəfərli Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin səlahiyyətlərinə toxunub.

O bildirib ki, “Antiinhisar fəaliyyəti haqqında” qanuna əsasən, Dövlət Xidməti bazarda hökmran mövqedə olan şirkətlərlə məşğul olmalıdır: “Hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur.

“Trendyol” bazarda hökmran mövqe tutan şirkət deyil, klassik anlamda pərakəndə satışla məşğul olan şirkət də deyil. Yəni Dövlət Xidmətinin bu işlə əlaqəsi yoxdur. Qurum bu sektordan çox, dərman bazarını yoxlasa pis olmaz. Bu bazarda satış həcminin 50%-nə yaxınına nəzarət edən şirkətlər var.

Dövlət Xidmətinin səlahiyyətlisi əsas gətirir ki, Azərbaycan bazarındakı pərakəndəçi “Trendyol”dakı qiymətlə rəqabət apara bilmir. Bu vəziyyətdə bir rəqabət orqanı olaraq bizim, ölkədə yerləşən pərakəndə satış məntəqəsini qorumaq öhdəliyimiz var.

Əslində onun işi vətəndaşın maraqlarını qorumaqdır, yəni, onlar sevinməlidirlər ki, rəqabət var, “online” satışla ənənəvi satışın rəqabətindən udan vətəndaşlar var. Görünən odur ki, bəzi məmurlar rəqabətli mühitin olmasına yox, əksinə rəqabəti baltalamaqda maraqlıdır. Vətəndaşın marağını deyil, ölkədə “Mall”ların sahiblərinin, onların fantastik icarə haqqlarının, məmurlara bağlı iri yerli satış təmsilçilərinin maraqlarını qorumağa çalışır”.

Natiq Cəfərlinin müşahidələrinə əsasən, “online” ticarət dünyada 20 ildir sürətlə inkişaf edir: “Bu, tək mal satmaq deyil, həm də infrastrukturdur, yeni iş yerləridir. Eyni zamanda İT sektorunun inkişafı, yeni bilikli kadrlar deməkdir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, “Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz.

“Bu gün vətəndaşlarımızın “Trendyol” satış şəbəkəsindən istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı fikirlər narahatlıqla qarşılanıb. Qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər”.

Haqsız rəqabətə gəldikdə isə, deputat qeyd edib ki, rəqabəti qadağalarla müdafiə etmək rasional yanaşma deyil: “Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla, digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər