Avropa İttifaqının (Aİ) ikinci rübdə ümumi ticarətində Rusiyanın payı 2 faizdən aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Statistika İdarəsi (Avrostat) açıqlayıb.
Müvafiq olaraq, Aİ-nin Rusiya ilə ticarəti Ukraynadakı müharibədən sonra tətbiq edilən sanksiyalardan ciddi şəkildə təsirlənib.
Aİ-nin ümumi idxalında Rusiyanın payı 2022-ci ilin fevralında 9,6 faiz olduğu halda, 2023-cü ilin iyununda bu nisbət 1,7 faizə düşüb. Bu dövrdə Rusiyanın Aİ ixracatındakı payı 3,8 faizdən 1,4 faizə enib.
Aİ 2022-ci ilin mart ayında enerji məhsullarının yüksək qiymətləri səbəbindən 18,5 milyard avro ilə Rusiyaya qarşı ən böyük ticarət kəsiri yaşayıb. Aİ ilə Rusiya arasında ticarət kəsiri bu ilin iyun ayına kimi 400 milyon avroya qədər azalıb.
Aİ-nin Rusiyaya ixracı 2022-ci ilin martında 3,4 milyard avrodan 2023-cü ilin iyununda 2,9 milyard avro olub.
Qeyd edək ki, müharibədən əvvəl, 2021-ci ilin ikinci rübündə Aİ təbii qazın 38,5 faizini, neftinin 29,2 faizini və kömürün 45 faizini Rusiyadan təmin edib. Bu ilin ikinci rübündə Aİ-nin Rusiyadan təbii qaz idxalının payı 12,9 faizə, neft idxalının payı 2,3 faizə, kömür idxalının payı isə sıfıra enib.
Aİ indiyədək Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib.