Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə fəaliyyət göstərən bank rəhbərləri ilə görüşüb.
AMB-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub.
AMB rəhbəri bankların kreditləşdirmə, xüsusilə fiziki şəxslərin kreditləşdirilməsi ilə əlaqədar sosial məsuliyyətinin gücləndirilməsi, kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı mövqeyini banklara bildirib, hər istiqamət üzrə konkret tapşırıqlarını verib. E. Rüstəmov bildirib ki, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir.
O cümlədən, istehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı diqqətə çatdırılıb.
Banklar bu mövqe və tapşırıqları anlaşıqlı qarşılayıb, konstruktiv mövqe nümayiş etdiriblər. Bu istiqamətdə verilən tapşırıqlar da nəzərə alınmaqla banklar kompleks işlərin görüləcəyini qeyd ediblər.
Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən görülmüş işlər, o cümlədən planlaşdırılan əlavə tədbirlər barədə banklar məlumatlandırılıb.
Mərkəzi Bank bildirir ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək.
Naibə QURBANOVA