Əmlak Məsələləri Dövlət Komitəsi Lənkəran və Cəlilabadda torpaq münasibətlərinin tənzimlənməsində vahid idarəçilik və torpaq bazarının təşkilinə dair regional İşgüzar Forumlar keçirilib.
Forum Lənkəran şəhəri, Lerik və Astara rayonlarını, habelə Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonları əhatə edib.
Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin, rayonların icra hakimiyyətlərinin rəhbərliyivə mətbuat nümayəndələri iştirak ediblər.
İşgüzar Forumların keçirilməsinin əsas məqsədi torpaqların vahid mərkəzdən dövlət idarəçiliyinin prinsip və mexanizmlərini və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində görülən işlərin açıqlanmasıdır.
Eyni zamanda belə tədbirlər vasitəsi ilə komitənin yeni əsasnaməsi ilə yaradılmış və artıq fəaliyyət göstərən torpaq müfəttişləri və torpaq bazarının təşkilində komitənin fəaliyyəti barədə aidiyyəti dövlət orqanları, bələdiyyələri və barədə ictimaiyyətin məlumatlandırması həyata keçirilir.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsi təsdiq edilməsi ilə bağlı imzalanan Fərmana əsasən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar müəyyən edilib. Belə ki, artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə start verilib. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyinin və şəffaflığın kifayət qədər artması deməkdir.
Respublikada torpaqlardan təyinatı üzrə istifadəsi, əsassız istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması, habelə onların mühafizəsinə nəzarətlə bağlı artıq torpaq müfəttişləri monitorinq və reydlər keçirirlər. Belə tədbirlər Bakı şəhəri və respublikanın digər regionlarında mütəmadi qaydada aparılır və aşkar edilmiş qanun pozuntularına qarşı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirirlər. Pozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir.
Eyni zamanda mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır.
Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir. Artıq bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Bu sistem ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Forum torpaqların dövlət idarəetməsi və torpaq bazarının təşkili ilə bağlı çıxış və təqdimatlarla davam edib. Vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsulların tətbiqi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib.
İşgüzar Forumda torpaqların mühafizə zonaları ilə qanunvericiliyə riayət olunması məsələlərinə də toxunulub. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları barədə məlumat verilib. Bu mühafizə zonaları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsi məsələləri izah olunub. Diqqətə çatıdırlıb ki, mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılması qanuna ziddir.
Forumda komitənin torpaq bazarının təşkili sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, torpaq bazarı torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi ilə bağlı yaranan hüquqi və iqtisadi münasibətləri tənzimləyir.
Forumun yekununda komitə ilə digər əlaqəli qurumların birgə fəaliyyəti istiqamətində həyata keçiriləcək zəruri tədbirlər barədə məlumat verilib.
İLHAMƏ