Məşhur müğənni Damla Teleqraf.com-un suallarını cavablandırıb.
- Martın 27-də Heydər Əliyev adına sarayda keçirəcəyiniz konsertdə fərqli nə edəcəksiniz?
- Geyimlərimiz fərqli, səhnə tərtibatımız güclü olacaq. Bu dəfə daha peşəkar musiqi ilə çıxış edəcəyik. Səhnədə rəqqasların şousu olacaq.
- Gələcəkdə xarici musiqiçilərlə çalışmaq fikriniz varmı?
- Gələcəkdə ola bilər. Mən heç nəyi planlı şəkildə etmirəm.
- 8 Mart qadınlar gününə saylı günlər qalıb. Xüsusi gözlədiyiniz hədiyyə varmı?
- Xüsusi insan yoxdur, deməli, xüsusi hədiyyə də gözləməyə dəyməz.
- Bəs, siz kiməsə hədiyyə edəcəksiniz?
- Anama hədiyyə verəcəm. Qızıl bağışlamağı düşünürəm. Daha çox hədiyyə verirəm və bundan zövq alıram.
- Bu qədər tənqidlərə baxmayaraq daha da güclənirsiniz. Bunun səbəbi nədir?
- Bunun səbəbi dayanmadan israrla məni sevən insanlardır. Onlar mənə stimul verirlər. Mən daim işləməli, onların inamını doğrultmalıyam. Çünki onlar mənə görə mübarizə aparırlar. Etimadlarını doğrultmalıyam.
- Sizinlə qalmaqal yaşayan həmkarlarınıza nə demək istərdiniz?
- Susuram danışırlar, cavab versəm, görün nələr ola bilər, vulkan püskürməsi, zəlzələ… Sakitliyi sevdiyim üçün hüzurlu həyat yaşamağa çalışıram. Çünki məndə qalmaqal və gündəm yaratmaq vərdişi yoxdur. Kimisə aşağılayacam, təhqir edəcəm, qəlbini qıracam, ağıl öyrədəcəm və sair – mənə belə gündəm lazım deyil. Kamera önündə işindən, repertuar və mahnılarından danışmaq lazımdır. Sənin mənimlə nə işin var?!
- Bu söz hansı həmkarınıza ünvanlıdır?
- Haqqımda danışanları nəzərdə tuturam. Niyə iki saatlıq efiri mənə xərcləyirsən?
- Siz trendə düşən müğənni hesab edirlər. Buna münasibətiniz necədir?
- Hər zaman böyük sənətkarlara ehtiram göstərib, öz hörmətimi qorumuşam. Düşünürəm ki, illərlə sənətdə olan müğənni öz statusuna uyğun danışmalı, müsahibə verməlidir. Sabah əməkdar artisti fəxri adına layiq görülüm, efirə çıxıb “a-az”, “hay, nə deyirsən” kimi müraciət edim… Bu doğrudurmu? Xeyr. Haqqımda danışırlar, nə qazanırlar? Onsuz da öz işimlə məşğulam.
- Xalq artisti Tünzalə Ağayeva ilə qalmaqal yaşadınız. Onunla probleminiz nədir?
- Mənim heç kimlə problemim yoxdur, hər bir həmkarıma hörmətlə yanaşıram. Kimsə məni sevmək, tərifləmək və dinləmək məcburiyyətində deyil. Biri fikir bildirirsə ki, filankəsi dinləmir, sevmir, onu vurub öldürməliyik?
- Qalmaqallara cavab vermədiyinizi qeyd edirsiniz. Amma düşünülmüş şəkildə bir çox müğənniləri cavablandırırsız. Bu zaman problem yaşayırsınız?
- Damla bir il idi, efirdə yox idi. Efir qadağası qoyduracaqlar? Mahnılarımı yutubdan sildirəcəklər? Düşmənçilik etməklə nə qazanacaqlar? Onlar mənimlə düşmənçilik aparırlar. Savaş, üsyan, etiraz edən tərəf mən deyiləm.
Buna görə çox dərinə getmirəm, onlara əhəmiyyət vermirəm. Deyin ki, səsi yoxdur, zövqsüz, bayağı və trendə düşən müğənnidir. Bəs, nəticəsi nədir? Saatlarla tənqid elə, danış…Yenə məni gündəmə gətirirsən.
- Yaxın günlərdə müğənni Aysel Əlizadə dedi ki, Damla çox gözəl aktrisadır. Bu fikirlə razısınız?
- Mən nə deyim?.. İndi də özümü tərifləyim? Nə vaxta qədər aktrisa ola bilərəm? Bu yeddi ildə maska düşmədi? İnsan bu il ərzində obrazda qala bilər? Ekrana çıxıb eyni statusda, eyni görüntüdə qala bilər? Öz sifətimi çəkim çıxarım? Mən Hollivud, yoxsa Bollivud ulduzuyam? Aktyorluq fakültəsini bitirməmişəm.
- Ayan Babakişiyeva isə qeyd etdi ki, trendə düşən müğənnilər bizimlə eyni məclisdə ola bilməzlər. Bu nə dərəcədə düzgün yanaşmadır?
- İnsanları bölgüyə, statusa ayırmaq qəbul olunmazdır. Nazir, biznesmen, həkim və zəhmətkeş kəndli də övladına toy edir.
Hamımız insanıq, kasıbın da, orta təbəqənin də məclislərinə gedirik. Toy məclisində yarım saat oxuyub çıxırıq. Məndən sonra toyda hansı müğənninin iştirak etdiyini bilmirəm. Bəlkə məndən sonra Ayan Babakişiyeva, Aysel Əlizadə gəlir. Toy bizim qazanc yerimizdir.
- Sizin efirə tək çıxmağınız bir çox həmkarlarınızda qıcıq yaradır.
- Məni bəyənməyən və sevməyən insanlarla efirə çıxmaq məcburiyyətində deyiləm. İldə iki-üç dəfə efirə çıxıram. Televiziyaya komandamla çıxıram, repertuarımı, öz işlərimi təqdim edirəm. Efirə çıxıb onları qıcıqlandırmıram.
Foto: Ceyhun Rəhimov