14 Noyabr 2020 09:05
3 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunan-Roma güləşi üzrə Avropa çempionu Rasul Çunayev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Bir çox həmkarlarınız cəbhə bölgəsində oldular, əsgərlərimizə dəstək verdilər. Bu prosesdə siz nə dərəcədə aktiv idiniz?

- Mən Dövlət Sərhəd Xidmətinin (DSX) baş leytenantıyam və orada xidmət edirəm. Tovuz döyüşlərində general Polad Həşimov şəhid oldu. O zaman könüllü orduya yazıldım. Müharibə başlayandan hospitalda yaralı zabit və əsgərlərimizi ziyarət edirəm. Hərtərəfli dəstək göstəririk. Mən bir sərhədçi olaraq təyinat üzrə hərəkət edirəm. Şəhid ailələrinə baş çəkirəm, onlara dəstək oluram.

- Təzə yaradılmış “Davam" Gənclər Təşkilatının üzvlərindən biri də sizsiniz. Təşkilatın missiyası nədən ibarətdir?

- “Davam” Gənclər Təşkilatında 8 fəal gənc təmsil olunur. Bizim əsas məqsədimiz şəhid ailələrinə kömək etməkdir. Ali təhsil müəssisələrində, məktəblərdə nümayəndəliyimiz olacaq. Dil və biznes kursları açacağıq və gənclərimiz üçün müxtəlif layihələr həyata keçirəcəyik. Gənclərimiz təşkilata könüllü yazılsınlar, biz onlara hərtərəfli dəstək olacağıq. Bizə güclü idmançılar, siyasətçilər, hüquqşünaslar lazımdır. Bu mövqeyi qoruyub, bütün sahələrdə daha da irəliləmək lazımdır.

İdmançılarımızın yetişdirilməsi mənə həvalə edilib. İnşallah, fəaliyyətimizi bütün xalqımız görəcək. Şəhid ailələrinin uşaqlarını müxtəlif sahələr üzrə yetişdirməliyik. Vətənə, dövlətə layiqli övlad olsunlar ki, bizim qəhrəmanlarımızın ruhu daim şad olsun.

- İdman yarışlarında daim ermənilərə qalib gəlmisiniz, bir dəfə istisna olmaqla... Ümumiyyətlə, mənfur düşmənimizi necə xarakterizə edərsiniz?

- Onların millətimizə qarşı vəhşiliklərini unutmaq mümkün deyil. Dünyada heç bir xalq belə etməzdi. 30 il həsrətlə gözlədiyimiz an nəhayət gəldi. Belə bir söz var, idmanla siyasəti qarışdırmaq olmaz, amma biz düşmən ölkənin idmançısı ilə yarışa çıxanda düşünürük ki, nəyin bahasına olursa-olsun, qalib gəlməliyik.

Torpaqlarımızın işğaldan azad edilməsi bizə böyük qürur yaşatdı. Bizim qətiyyətli Ali Baş Komandanımız, güclü ordumuz var. Xalqımız birləşib, böyük həmrəylik nümayiş etdirir.

- Beynəlxalq yarışlarda erməni təxribatı ilə qarşılaşmısınızmı?

- Xeyr, bizə provokasiyalar olmayıb. Çünki yarış zamanı təhlükəsizlik yüksək səviyyədə qorunur. Bundan sonra bütün idmançılarımızı diqqətli olmağa çağırıram. Federasiyalarımıza məsləhət görəcəyik ki, daha diqqətli olsunlar. Ola bilsin, müxtəlif yollarla bizim idmançıları zəhərləməyə çalışacaqlar. Hərtərəfli özümüzü qorumalıyıq.

- Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmisiniz. Halbuki idmançıların çoxu Bədən Tərbiyəsi və İdman Akademiyası ilə kifayətlənirlər.

- Mən Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil oldum. 2000-ci ildə Bakıya gələndə Azərbaycan dilini bilmirdim. Yalnız avar dilində danışırdım. Həmin ildə Respublika Olimpiya İdman Liseyinə daxil oldum. Dostlarım mənimlə zarafat edirdilər ki, "səni, məni" deyə danışırdım. Müəllim nəsə söz deyən kimi gözümdən yaş axırdı, dili bilmirdim.

Lisey çempionatında qalib oldum, beynəlxalq arenalarda medal qazandım. Hətta media nümayəndələrinə reportaj verəndə tərləyirdim, deyirdim ki, mənim üçün qələbə qazanmaq asan, danışmaq çətindir. Öz üzərimdə çalışdım, Azərbaycan dilini mükəmməl öyrəndim. Hətta indi ingilis dilində də öyrənməyə başlamışam.

Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra bəzi problemlər yaşadım. Bəziləri çalışdılar ki, məni aldatsınlar.

- Nə mənada sizi aldatmağa çalışdılar?

- Hər sahədə belə insanlar var. İdmançıların saflığından istifadə edib, onları aldatmaq istəyirlər. Ondan sonra qərara gəldim ki, hər bir şəxs öz hüququnu bilməlidir. Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmağa qərar verdim. Daha bir ali məktəbə də daxil olmağa hazırlaşıram. Hansı fakültənin olacağı isə sirr qalsın.

- Gələcəkdə hüquqşünas kimi fəaliyyət göstərmək niyyətiniz varmı?

- Hüquq fakültəsini bitirdikdən sonra hər müqaviləyə imza atmıram, maddələri oxuyuram. Hər bəndinə diqqət edirəm ki, sabah vəkillə qarşıma çıxmasın. Mən idman sahəsini və idmançıların psixologiyasını daha gözəl bilirəm. Bilirəm ki, çox insanlar da uşaqlarını mənim yanıma göndərmək istəyirlər.

- Bir müddət əvvəl idman zalı açmısınız…

- Bəli, idman zalımız var. İnşallah, pandemiyadan sonra güləş zalları açacam. “Davam” Gənclər Təşkilatı da buna imkan verir. Düşünürəm ki, idman zalları açım və güclü məşqçilərlə işləyim.

- Kasıb ailələrdən övladının idmançı olması üçün sizdən kömək istəyənlər olubmu?

- Bəli, çox olub. O zaman idman zalım olmasa belə, dostlarıma istiqamətləndirmişəm. Həmin insanlardan bir qəpik pul götürməyiblər. Hətta uşaqlar var ki, on il əvvəl yönləndirmişəm və həmin uşaq bu gün mənimlə rəqibdir.

Düzdür, öz idmançılarımızı özümə rəqib saymıram, onlar dostlarım, qardaşlarımdır. Mənimlə bir yerdə rəqabət aparır, eyni yarışda çıxış edirik. Bundan sonra çalışacam ki, öz idman zallarımda da uşaqlar yetişdirim. Bir çox idmançılar, eləcə də mən kasıb ailədə böyümüşəm.

Balakən rayonun Yeni Şərif kəndində anadan olmuşam. 9 yaşımdan güləşə başlamışam və 10 yaşımda Bakıya gəlmişəm. Məşqlərimiz şəhid ailərinin övladlarına pulsuz olacaq.

- Müsahibənizin birində sizə iş üçün müraciət edənlərin də olduğunu qeyd etmisiniz…

- Bəli, iş üçün müraciət edənlər çoxdur, amma mən idmançıyam və tapşırıq məsələsini sevmirəm. Təbii ki, kömək etməyə çalışıram və ehtiyacı olanları dost-tanışa yönləndirmişəm. Amma sabah elə bir hərəkət edirlər ki, öz dostumun yanında utanıram. Hərdən elə iş istəyirlər ki, bu məndən asılı olmur. Mən məmur deyiləm, idmançıyam. Əlbəttə, bacardığım qədər kasıb, ehtiyacı olanlara dəstək oluram və olacam!

- DSX-da baş leytenant olduqdan sonra sanki idmandan uzaqlaşmısınız.

- Xeyr, düşünmürəm ki, idmandan uzaqlaşmışam. Mən Sərhədçi Olimpiya İdman Kompleksində zabit məşqçiyəm. Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general-polkovnik Elçin Quliyevin Allah canını sağ etsin. Mənə rütbə verib. Bizim bir nömrəli işimiz bayraq, himn və qələbədir. Vəzifəyə gəlib, idmandan uzaqlaşmaq kimi yanaşma düzgün deyil. Çünki heç kim bilmir ki, biz idmançılar hansı əziyyəti çəkirik, hansı problemlərimiz var və hansı zədələrdən keçirik.

Sadəcə qalib gəlməyimizi və uduzduğumuzu görürlər. Bəzi insanlar isə idmançıları uduzandan sonra atəşə tuturlar. Mən dörd dəfə əməliyyat olunmuşam və ondan sonra məşqləri nə əziyyətlə keçirirəm, bunu bir Allah bilir, bir də mən.

- Rasul Çunayev qələbəsində nəyə borcludur? Digər idmançılardan nə ilə fərqlənirsiniz?

- Hər bir insanın uğuru onun çəkdiyi əziyyətə görədir. Məndən də artıq uğura nail olan idmançılarımız var. Mən heç vaxt özümü kiminləsə müqayisə etməmişəm. Və məni kiminləsə müqayisə edəndə bunu sevmirəm. Həmişə özüm olmağa çalışmışam. Olimpiya çempionlarımız Fərid Mansurov, Namiq Abdullayev və başqa idmançılarımıza baxıb, bu sahəyə həvəslənmişəm.

Mən o idmançılarla fəxr edirəm, vaxt gəldi, Fərid Mansurovla eyni çəkidə güləşdik, eyni yarışa getdik. Mən onun şəklini öz otağımda saxlayırdım. Bu gün mənim də şəklimi öz otağında saxlayan gənclər var və mənə baxıb, həvəslənib məşq edirlər.

Hər bir gəncə həmişə tövsiyə edirəm ki, özün ol, məsləhətlərə qulaq as və həvəs göstər. Yolunu düzgün get, əzmlə məşq et, psixoloji güclü ol. Sizi həvəsdən salmaq istəyənlər də ola bilər.

- Sizi kariyeranızda həvəsdən salmaq istəyənlər olubmu?

- Bəli, çox olub. Əlbəttə, hər sahədə yaxşı və pis insanlar var. Səni həvəsdən salmaq istəyən, paxıllığını çəkənlər olur. Və yaxud görürlər ki, mən onlardan daha peşəkaram, ruhdan salmağa çalışırlar. On yaşımdan Bakıdayam, valideynlərim yanımda olmayıb. Amma Allah həmişə mənimlə olub. Allah məni heç vaxt səhv istiqamətə getməyə qoymayıb. 15-16 yaşımdan idman sahəsində uğurlar qazanmağa başlamışam. Heç vaxt öz yolumu itirməmişəm.

- Yataqxanada da yaşamısınız...

- Respublika Olimpiya İdman Liseyinin yataqxanasında qalırdıq. Orada rejim çox ciddi idi. Oradakı xanımın səhər saatlarında “durun” deyə xəbərdarlıq etməsi hələ də qulağımda səslənir. Həmin vaxt o səsi sevmirdim, on yaşım var idi. Düşünürəm ki, o vaxt o rejim olmasaydı, bu gün bu Rasul Çunayev olmazdı. Çətin günlərdən keçməsən, yaxşı günün qədrini bilməzsən.

- Ananız sizinlə, atanız isə rayonda yaşayır...

- Atam tez-tez Bakıya gəlib-gedir. Hər gələndə deyir ki, bu dəfə qalacam, amma gedir. Anam həm Bakıda, həm də rayonda qalır. Atamı Bakıda iki-üç gün güclə saxlayırıq (gülür). Şəhərə uyğunlaşa bilmir.

- Valideynləriniz üçün hansısa biznes qurmusunuzmu?

- Onlar üçün mən varam. Məni Rasul Çunayev olaraq yetişdiriblər. Valideynlərimə deyirəm ki, sizin əsas missiyanız yaxınların uşaqlarını vətənpərvər böyütməkdir. Qazanc əldə etmək isə mənlikdir. Onların əziyyətini mən çəkəcəm, Rasul Çunayev olmağımda əməkləri böyükdür.

- Evlənməyi düşünürsünüzmü?

- Hara gedirəm, deyirlər, evlən... Uşaqları çox sevirəm, boş vaxtımı onlarla keçirirəm. Uşaqlıqda çox əziyyət çəkmişəm, onları itirmək istəmirəm. Bu gün öz mövqeyimi daha da möhkəmlətməliyəm. Hazırda namizəd yoxdur. İndi pandemiyadır, ondan öncə isə evdəkiləri belə görməyə vaxtım olmurdu. Yarışlara hazırlaşırıq.

Mənim məqsədim odur ki, Vətənimin üç rəngli bayrağını yüksəklərə qaldırım və himnimizi səsləndirim. O fəxri kürsüyə çıxanda hiss edirsən ki, bu əziyyətli yola dəyər. Mənim üçün ailə çox əzizdir, tələsik qərar vermək istəmirəm. O vaxt ailə qurmalıyam ki, onların yanında olmağa vaxtım qalsın. Təlim-məşq toplantılarımız olur. Mən dünyanı gəzərkən həyat yoldaşımın tək qalmasını istəmirəm.

Mən yarışa hazırlaşanda beş-altı ay evdəkilərdən uzaqlaşıram. Sosial şəbəkələrdən istifadə etmirəm. Ancaq məşq edirəm və özümü psixoloji olaraq oyunlara hazırlayıram. Bu gün mənim üçün ən önəmli məsələ Qarabağdır. 2016-cı ildə anam olimpiya oyunlarından əvvəl demişdi ki, oyunlara lisenziya alsan, hazırlaşarsan, lisenziya ala bilməsən, qız axtaraq, toya hazırlaşaq. Mən də dedim ki, yaxşı.

Ondan sonra Olimpiya Oyunları, İslam Oyunları, Dünya Çempionatı da oldu....Bu il mart ayının 19-22-də Budapeştdə Tokio 2020 Olimpiya Oyunları keçirilməli idi, anam yenə dedi ki, indi lisenziya alsan Olimpiya Oyunlarına hazırlaşarsan, əks halda toya. Yarışa bir həftə qalmış, pandemiya başladı, yarış təxirə düşdü. Dedim, mama, görürsən, göydən işarə gəlir ki, evlənmə, hələ vaxtı deyil.

- Məmur dostlarınız çoxdur?

- Bəli, məmur dostlarım çoxdur.

- Tanınmış idmançısınız, yol-hərəkət qaydalarını pozarkən sizə güzəştə gedirlər?

- Bəli, sağ olsunlar…Mən ancaq tələsik vaxtlarda yol-hərəkət qaydalarını pozuram. Qaydanı pozan zaman isə deyirəm ki, cəriməni yazın.

- Bir çox idmaçılar özündən razı olurlar. Siz də özünüzdən razı görünürsünüz…

- Mən özüm haqqında rəy verə bilmərəm. Onu ətrafdan deyə bilərlər.

- Nə zamansa gücünüzdən istifadə etmək məcburiyyətində qalmısınızmı?

- Xeyr, dava-dalaşı sevmirəm. İki dəfə məktəb illərində dalaşmışam. Bakıya gəldiyim vaxtlarda Azərbaycan dilini bilmirdim, buna görə mənimlə zarafat edirdilər. Mən şit zarafatları sevmirəm, hər şey qədərində olmalıdır. Uşağı götürüb, yerə vurmuşdum.

- Sizə xarici ölkələrdən təklif gəlibmi?

- Bəli, ölkələrin adını çəkmək istəmirəm, amma dəvətlər çox gəlib. Qazaxıstanda Dünya çempionatında olanda bir neçə ölkələrdən təklif gəldi, qəbul etmədim. Cavab verdim ki, Vətənimdə hər şey gözəldir. Cənab prezidentimiz ölkəmizdə gözəl şərait yaradıb. Mən heç yerə gedə bilmərəm.

- Sizə nə qədər pul təklif ediblər?

- O məsələyə getməmişəm. Mən Vətənimi pula görə satmaram! Özünü doğrultmaq istəyən insan üçün ölkəmizdə hər cür şərait var. Bunu bizim cənab prezidentimiz İlham Əliyev yaradıb. Mən bir idmançı olaraq çox nailiyyətlər qazanmışam və prezidentimiz tərəfindən hər dəstəyi görmüşəm, təltif edilmişəm. Bu əməyi itirib, getməyi özümə yaraşdırmaram.

- Qarabağda qələbə qazandıq. İşğaldan azad edilmiş hansı şəhərimizə, kəndimizə getmək istəyərsiniz?

- Bütün şəhərlərimizə getmək istəyirəm. Avar, ləzgi, talış və bir çox etnik azsaylı xalqlar hamımız birləşib, torpaqlarımız uğrunda mübarizə apardıq. Torpaq bizim hamımızındır. İnşallah, bütöv Qarabağa gedəcəyik. Vətən bizim hamımızındır. Vətəni müdafiə etmək bizim müqəddəs borcumuzdur və hər qarış torpağına getməyə haqqımız var. Qarabağ Azərbaycandır!


Müəllif: Mənsur Rəğbətoğlu, Rəqsanə Həsənova

Oxşar xəbərlər