Xalq artisti Flora Kərimova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Flora xanım, ilk təqaüdünüzü erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizova təqdim etdiniz...
- Bəli, təqaüdümü idmançı Kamil Zeynallıya təqdim elədim və onu qazilərə çatdırmağı xahiş etdim. O, məsləhət bildiyi qazimizə verdi, adlarını soruşmadım. Çünki Kamil Zeynallı millətinə sadiq insandır, dürüstlüyündən xəbərim var. Ondan ürəklə xahiş etdim.
Vallah, imkanım olsa, bundan da artığını edərəm. Təqaüdüm 1450 manatır, üzərinə də 50 manat əlavə etdim, 1500 manat oldu. Kamil Zeynallı qazi və şəhid ailələrini yaxşı tanıdığına görə məbləği öz məsləhəti ilə böldü.
- Necə oldu belə bir qənaətə gəldiniz?
- Təqaüd millətimin puludur. Dövlətim də millətimin arzusunu yerinə yetirdi. Çünki indiyə qədər oğlumun himayəsində idim. Heç yerdə işləmirəm, görünür, dövlət bu haqda düşünüb. Demək istəyirəm ki, heç vaxt heç kimə ağız açmamışam, vəziyyətimdən şikayət etməmişəm. Heç vaxt özümü millətdən yüksəkdə tutmamışam. Millətdən aşağıda tutmağa da ixtiyarım yoxdur. Çünki hər birimiz millətimizi təmsil edirik.
Çox xahiş edirəm ki, qadınlarımız sözlərində diqqətli olsunlar, kişilərimiz də qadınlarımızı alçaltmasınlar, söyməsinlər. Ayıbdır. Hansı kişi qadını söyürsə, öz namusunu söyür. Çox diqqətli olmalıdırlar. Pisimiz də, yaxşımız da, millətin namusudur. Pisimizə əl uzadıb, pis əməllərdən uzaqlaşdırmalıyıq. Yaxşımızı da söymək, biabır etmək olmaz. Məni söyən mənim düşmənlərimdir.
Hazırda üç-dörd nəfərlə məhkəmə ədavətim var. Vəkillərim çox savadlıdır, Fuad Kərimov və Şəfiqə Nağıyeva. Bir də İlkin müəllim. Saxta səhifələrdə ünvanıma abırsız sözlər yazırlar. İlhamə adlı xanım yalan səhifə açıb, haqqımda abırsız sözlər yazıb. Yel qayadan nə qopardar? Artıq məni gözdən salmaq, haqqımda nəsə demək gecdir. Çünki xalqım məni heç vaxt ayağa verib, yerə çırpmayıb.
Düşmənlərimə demək istəyirəm ki, sizin mənimlə nə ədavətiniz ola bilər? Mən o ədavəti məhkəmədə həll edirəm. Bir qadın sosial şəbəkədə haqqımda elə sözlər yazmışdı ki... İndi yalvarır ki, məni bağışla.
Tərbiyə insana Allahın verdiyi xüsusiyyətdir, o, yaratdığına ya alqış, ya qarğışdır. Mən də deyirəm ki, sizə nəyi bağışlayım?! Bu xasiyyəti verəndə yaradanın özü sizi qarğışlayıb. Mənim onun işinə qarışmaq qüdrətim yoxdur. Olsa-olsa sizin halınıza heyifsilənərəm. O, artıq sizə verdiyi xasiyyətlə sizi cəzalandırıb. Niyə bu qədər alçalırsız?! Mənim gəlin yaşda qızım, 50 yaşdan yuxarı oğlum, nəvələrim var. Bağışlanmaq diləmək dediyin sözləri boynuma almaqdır. Məndən üzr istədin, bəs, ailəm, nəvələrim, ölkə boyda adım, musiqi tarixində mövcudluğum?..
Hər zaman demişəm ki, mənə minnətçi düşməyin. Heç bir kobud sözünüzü, böhtanınızı cavabsız qoymayacam. Qanun qarşısında cavab verəcəksiniz. Mən namusumu, sənin bir tikə çörək üçün xırdalayım? Niyə mənim üzərimdə səhv edirsən? Sənə rəvac verənlərlə qələt elədin. Bilin ki, cavab verəcəksiniz.
Səhnəyə gələndən qəribə bir hal olur, mənə sataşan insanlar haqqında özünün yaddan çıxarmaq istədiyi hadisələri də təfsilatı ilə göndərirlər. Sən bu sözləri yazanda bilmirdin? Oğlum var, qapı döyəcəm, qızım var, qapımı döyəcəklər. Bu düşüncə mənim həyat şüarım, həyat fəlsəfəm olub və yenə də elədir. İlhamə, kimə sataşırsan?
Mənim kimi özünə qəddar ikinci müğənni ola bilməz. Hər sözümə, hər ifadəmə, hərfdən tutmuş mənasına qədər cəllad kimi davranıram və indi də eləyəm. Məhkəmənin qərarını iş yerinə də çatdıracam. Yeganə tövbə yolu budursa, onu da edəcəm. Əgər onun birinci qurbanıyamsa, sonuncusu olum. Mənim addımlarım ona həyat dərsi olsun. Bir də qələt edər, hansısa qadına sataşıb, böhtanla biabır edər. Bilsin ki, iş yerindən tutmuş, yaşadığı qohum-qonşulara qədər gizlətmək mümkün olmayacaq.
Qızım deyir ki, ana, çox qəribə taleyin var. Sənət adamları sensasiya dalınca qaçır, sensasiya isə sənin dalınca qaçıb, çata bilmir.
- Bu tənqidlərin arxasında hansısa müğənni həmkarınız ola bilərmi?
- Bu tənqidlərin arxasında çox şey ola, çox adam dayana bilər, ancaq əli hara çatacaq? Mənim dayağım millətim, xalqımdır. Ona həmkar deyərəm? Onun müğənni kimi yanımda durmağa ixtiyarı yoxdur. Bir notumu oxusun, sonra ona müğənni deyim. Düşmənlərimin əjdaha bildiyi insanların əli nəyə çatdı?! Ondan nəticə çıxarsınlar!
- Son günlər cəmiyyətimizdə qadınların ölüm sayı çoxalır. Bu haqda nə deyə bilərsiniz? Bunun qarşını necə almaq lazımdır?
- Sosial durum düzəlməyənə qədər bu məsələlər həll olunmayacaq. Qadın anadır. Həyat yoldaşına tələbatı, yoldaşının real imkanından çox olsa, evi dağılar. Onda yoldaşı daha rahat yer axtarır və bununla da xanımın evi dağılır. Evin kişisinə kobudluğundan başqa, qəddarlığından başqa düşünürəm ki, nələrisə bağışlamaq olar.