Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Zamiq Hüseynov konsertini şəhid və qazi ailələrinə həsr etdiyini bildirib: "Konsertdə mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Səhnənin hər bir anı bizim üçün həyəcanlıdır, istər pandemiyadan əvvəl, istər də sonra olsun. Heydər Əliyev Sarayı arzularımın səhnəsidir və orada çıxış etmək mənim üçün bir həyəcandır. Pandemiyaya görə məhdudiyyətlər bitsin və ard-arda silsilə konsert proqramı ilə çıxış edəcəm. Bu gün ən böyük istəyim həyata keçir. Konsertdə Leyla Quliyeva və Elşad Xose ilə duet ifa edəcəm. Satışdan əldə edilən gəlir, YAŞAT Fondu vasitəsilə qazi və şahid ailələrinə ianə edilib".
Müğənni konsertinə az sayda məşhur dəvət etdiyini deyib: "Məşhurlar başqa konsertlərimdə olublar. Bu konsertimə çox az sənət dostumu dəvət etdim".
Müğənni konsertində isə bu fikirləri səsləndirib: "20 illik səhnə fəaliyyətimdə sizlərin qarşısında Qarabağsız bir sənətçi kimi çıxış edirdim. Amma bu gün fəxr edirəm ki, bütöv bir Azərbaycanın və qalib bir ölkənin sənətçisi kimi qarşınıza çıxıram. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Əsrlər boyu işğal altında olan Azərbaycanımızın 30 illik həsrətində olduğumuz Qarabağımız geri qaytarıldı. Bu gün çox xoşbəxtik. Qürurla deyirik ki, Qarabağ Azərbaycandır!".
Konserti aparıcısı Leyla Quliyeva olub. Konsertdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazi və şəhid ailələri dəvətlilər sırasında yer alıblar.
Qeyd edək ki, konsert Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.