Əməkdar Artist Tahir İmanov MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, əməkdar artist qardaşı Cabir Omanov haqqında etirafı ilə diqqət çəkib.
“Çox suallar ünvanlanır ki, Cabirlə qardaş, yoxsa əmioğluyuq? Hər konsertdə biz artıq bunu “mem”ə çevirmişik. Bu şəkildə sosial şəbəkələrdə də məlumatlar gəzir. Bu gün də fürsətdən istifadə edib, demək istəyirəm ki, Cabir İmanovla mən doğma qardaşıq. Görsək ki, bu söz-söhbətlər davam edir, gələn konsertə başqa bir “mem” fikirləşəcəyik!”
Tahir İmanov onu da deyib ki, dramatik obraz oynamağa hazır deyil: “Açığı deyim ki, dramatik rol ifa etməyə hazır deyiləm. Fikrimi tam səmimi qəbul edin, dram çətindir. 30 ildir yumor və satira sahəsində işləmişəm... Çox böyük məşqlər tələb edir, partnyorla məşqdən sonrakı münasibət var, gərək bunlara zaman ayırasan. Elə bir şansım olsa, Gülzar Qurbanova ilə baş rolu ifa etmək istəyərəm. Mənim üçün o aktrisa bu sahənin ən parlaq nümayəndələrindən biridir. O xanım səhnədə çox səmimi və real oynaya bilir”.
Əməkdar artist televiziyalarda onlara tətbiq edilən qadağalardan da danışıb: “Üzərimizə gəldilər, tənqid də etdilər, amma hər zaman cəsarətli olduq və çəkinmədik. Bu səbəbdən də bizə Azərbaycan televiziya məkanında beş ilə yaxın qadağaya qoydular. Ad çəkməyəcəm, keçmiş televiziya rəhbərlərindən biri dedi ki, baxın görün müasir yumoristlər nə edir, siz də onu edin, məhz onlarla ayaqlaşın. Təbii ki, “Planet Parni iz Baku” olaraq biz bunu qəbul etmədik. KVN-nin öz prinsipləri var. 25 il sonra prinsiplərimizi dəyişə bilmərik. Tam səmimi deyə bilərik ki, biz hamının qarşısında eyni səviyyədə çalışmışıq”.