Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.
Onunla müsahibəni təqdim edirik.
- Fərid bəy, bir müddət əvvəl prezident İlham Əliyev Laçında bayrağımızı ucaltdı. Bu barədə nə deyərdiz?
- Təbii ki, 44 günlük müharibədən və torpaqlarımızın işğaldan azad edilən gündən qürurverici anlar yaşayırıq. Eyni zamanda prezident İlham Əliyevin Laçında bayrağımızı ucaltması bütün azərbaycanlılar üçün qürur mənbəyidir. Biz idmançılar bunu əvvələr daha qabarıq şəkildə hiss edirdik.
Qatıldığımız yarışlarda qələbə qazananda bir tərəfdən sevinirdiksə, digər tərəfdən sevincimizi tam göstərə bilmirdik. Çünki qələbə qazansaq da torpaqlarımız işğal altında idi.
- İşğaldan azad edilmiş torpaqlarımızda idmanla bağlı nə kimi planlar qurula bilər?
- İşğaldan azad edilmiş torpaqlarımızda abadlıq işləri gedir. İnanıram ki, infrastruktur işləri içində idmanla bağlı layihələr də yer alacaq. O torpaqlarımızın təbiəti ekoloji baxımdan çox təmizdir. Ona görə orada adlı-sanlı idmançılarımızın yetişəcəyinə şübhəm yoxdur.
- Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvüsünüz. Güləş idman növü ilə bağlı nə kimi dəyişikliklər edəcəksiniz?
- Azərbaycan Güləş Federasiyasına Mikayıl Cabbarov prezident seçildikdən sonra idman sahəsində böyük təkan oldu. Bu illər güləşçilərimiz üçün uğurlu oldu. Böyüklərdən ibarət komandamız, eyni zamanda yeniyetmələrimiz sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionu oldular. Bunlar idman sahəsində yenilənmiş və yeni yazılmış tarixdi. İdmançıların vaxtlı-vaxtında təlim-məşq toplantısına yığışması, yarışlarda iştirak eləməsi federasiya rəhbərliyi tərəfindən çox yüksək səviyyədə təmin olunub. Biz idmançılara şərait yaratmaq lazımdır ki, bu uğurlar baş tutsun.
Şükür Allaha, bu gün Azərbaycan Güləş Federasiyasında hər şey qaydasındadır. İnanıram ki, "Paris 2024" Olimpiya Oyunlarından güləşçilərimiz yüksək nəticə göstərib, çoxlu medallar qazanacaqlar.
Bu gün yeniyetmələr və böyüklər arasında idman sahəsində inkişaf gedir. Məqsədimiz ondan ibarətdir ki, yeni idmançılar hazırlansın. Klublarımızda da yenidənqurma işləri aparılır. Bir vaxtlar cəmiyyət və klublar yox səviyyəsində idi. Digər tərəfdən pandemiya yalnız güləş idman növünə deyil, bütün idman sahəsinə mənfi təsir göstərdi. İndi yavaş-yavaş inkişafa doğru gedirik.
Bir daha təkrar edirəm ki, güləşçilərimiz böyük uğurlara imza atıblar. Noyabrın 5-6-da yunan-Roma güləşi üzrə dünya kuboku yarışı keçiriləcək. Yarışda komandamız ölkəmizi təmsil edəcək. Altı komanda arasında Azərbaycan millisi də iştirak edəcək.
- "Tokio 2020" Olimpiya Oyunlarında qızıl medallarımız olmadı. Bunun səbəbi nə idi?
- Bunun bir çox səbəbləri var idi. Bir az öncə qeyd etdiyim kimi federasiyalarda işin düzgün qurulmaması ilə yanaşı pandemiya da idmançıların hazırlığına böyük təsir göstərdi. "Tokio 2020" Olimpiya Oyunları pandemiyaya görə 2021-ci ildə keçirildi. Bizim bəzi idmançılarımızın yaşında da fərq var idi. Yarışın bir il uzadılması, eləcə də pandemiya onların hazırlığına böyük problemlər yaratdı.
- Ümumiyyətlə, güləşdən başqa hansı idman növünə marağınız var?
- Uşaqlıq illərində güləşlə yanaşı taekvondo ilə də məşğul olmuşam. Ağır və yüngül atletikanın bir çox növlərinin isə azarkeşiyəm.
- "İdman karyeramı tez bitirməsəydim uğurlarım daha çox olardı" fikriniz hələ də aktualdır?
- Mən 2002-2010-cu illərdə güləş üzrə böyüklər arasında yarışlarda iştirak etmişəm. O illərdə çənəmdən və belimdən zədələndim. Bilirsiniz ki, böyük idman növündə zədəsiz ötüşmək mümkün deyil. Ümumilikdə böyüklər arasında yarışlarda beş-altı il iştirak etmişəm. Bu da çox az müddətdir. Bəlkə zədələr imkan versəydi, böyüklər arasında uğurlarım daha çox olardı.
Zədələrimə görə 28 yaşım tamam olmamış böyük idmandan getdim. Həmişə bu haqda düşünürəm, bu, amma həyatdır. Hər işdə bir xeyir var. Fikirləşirdim ki, bir az idman sahəsində qalardım, güləşçi kimi fəaliyyətimə davam edərdim.
İdmandan tez getməyimin səbəbi zədələrlə yanaşı anamın təkidi idi. Düzdür, zədələr sağaldıqdan sonra idman fəaliyyətimə davam edə bilərdim. Amma anamın arzusu ilə karyerama son qoydum.
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilmisiniz. Prorektor kimi nə planlarınız var? Bu vəzifənin çətin tərəfləri nələrdir?
- Vəzifəni icra etmək çətin deyil, maraqlıdır. Daim idmançı kimi praktik fəaliyyət göstərmişəm, yarışlarda iştirak etmişəm. İndi isə idman sahəsinin elm tərəfi ilə məşğulam. Həmişə deyirəm ki, idman sahəsində savadsızlıq mənfi fəsadlara gətirib çıxarır. Mən də praktik fəaliyyətdən nəzəri-elmi sferaya keçdim. İdman elmi daha maraqlıdır.
Yüksək nəticə əldə etmiş idmançılarımızın 99 faizi ya İdman Akademiyasının tələbələridir, ya da artıq buradan məzunı olublar. Mənim Akademiyada fəaliyyət göstərməyimin yaxşı tərəfi odur ki, bir sıra layihələrimiz var, idmançılarımızla işləyirik. Layihə çərçivəsində ustad və veteran idmançıları Akademiyaya dəvət edib, tələbələrimizlə görüşlər keçiririk.
Həqiqətən hamı başa düşür ki, yalnız idmanla məğul olmaq azdır. Həm praktiki, həm də nəzəri sahə birləşəndə daha effektiv olur. Bizə sağlam düşüncəli, sağlam ruhlu gənclər lazımdır. Gənclər həm zehni, həm də fiziki baxımdan sağlam olmalıdırlar.
- İdmançılar vəzifəyə təyin olduqdan sonra idman karyeralarında passivlik yaranır. Bunun səbəbi nədir?
- İdman sahəsinə paralel başqa istiqamətdə fəaliyyət göstərmək çətindir. Çünki idmançı həm işləyib, həm də idmanla məşğul olsa, bu, çətinlik yaradar. İdmançının təlim-məşq toplantılarına qatılması, vaxtında istirahət etməsi məsələsi var. Bunlara ciddi riayət etməlidir.
Amma bəzi hallarda idmançılar həm professional idmanla məşğul olur, eyni zamanda hansısa sahədə çalışırlar. Bu, artıq paralel yol getməkdir. İdman da paralel yol getməyi xoşlamır. Əgər bu sahəni seçmisənsə, idmanla məşğul olmalı və ona daha çox yer verməlisən. Təbii ki, təhsili yox, vəzifəni nəzərdə tuturam.
- Rəsmi vəzifədə çalışan az-az idmançılardansınız ki, haqqınızda "çox sadədir" fikri səslənir. Heç vaxt həmkarlarınız kimi bahalı avtomobil və bahalı həyat tərziylə gündəmə gəlmirsiniz...
- Gənclərimizə də deyirəm ki, biz idmançılar nəticə göstərəndən sonra tanınırıq. Kimi Avropa çempionu, kimi də Dünya və Olimpiya çempionu olur. Nəticə əldə etməsək, bizi yalnız ətrafımız tanıyar. Çempion olduqdan sonra sonra isə məşhurluq başlayır. Bir müddətdən sonra artıq valideynlər övladına səni nümunə göstərir, yaxud hansısa uşaq səni özünə örnək sayır və bütün hərəkətlərinə fikir verir. Səni izləyir, nəticələrinlə maraqlanırlar.
Ona görə də uğur qazanmış idmançılarımız elə davranmalıdır ki, gənc nəsillərə nümunə olsunlar. Söhbət təkcə professional fəaliyyətindən getmir. İnsani keyfiyyətlər və böyük-kiçiyə qarşı davranış da mühüm məsələdir. Bunlara əməl etmək lazımdır. Əfsuslar olsun ki, bəzi idmançılar normal davranışlarında kənara çıxırlar.
- Çempion olmaq, yoxsa vəzifəyə yüksəlmək daha çətindir?
- Hərəsinin öz çətinlikləri var. Çempion olmağın fiziki və mənəvi çətinliyindən danışmaq olar. Vəzifə isə bir az fərqli məsələdir və heç biri asan məsələ deyil.
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Həftədə bir dəfə futbol oynayıram. Veteran güləşçilərimizlə görüşüb basketbol oynayırıq. Eləcə də boş vaxt tapanda ova gedirik. Nərd və bilyard oynamağı sevirəm. Nərddə uduzduğum da az olmur...
- Kitab oxumağı, yoxsa film izləməyi xoşlayırsız?
- Hər ikisini sevirəm. Filmə baxmağa daha çox üstünlük verirəm. Dedektiv kitabları sevirəm. Sonuncu dəfə "Axırıncı aşırım" filmini izləmişəm.
- Həftədə bir dəfə futbol oynadığınızı qeyd etdiniz. Son günlər "Qarabağ" idman klubu bizə qələbə sevinci yaşadır...
- "Qarabağ" futbol klubunun baş məşqçi olaraq Qurban Qurbanov böyük uğurlara imza atıb. Bu klub adında Qarabağı yaşadır və onun ələbəsi bizə çox vacibdir. Ali Baş Komandınımız İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi məharət fikirləşirəm ki, bizim hamımıza aid olmalıdır. Hər bir Azərbaycan vətəndaşı öz sahəsi üzrə belə uğurlara nail olmalıdır.
- Şuşaya getmisinizmi?
- Bəli, Şuşaya gedib böyük qürur yaşamaq qismətim oldu...