Əməkdar artist Elza Seyidcahan aparıcılığa başlayır.
Bu haqda Teleqraf.com-a açıqlamasında əməkdar artistin özü məlumat verib:
"Telekanalların birində "Dönə bilsəm" adlı veriliş aparacam. Proqram yeni mövsümdə həftə içi yayımlanacaq. Çox gözəl layihədir. Artıq verilişin çəkilişləri başlayıb".
Əməkdar artisti Elza Seyidcahanın Xəzər Televiziyasında veriliş aparacağı ilə bağlı yayılan məlumata telekanal tərəfindən rəsmi münasibət bildirilib.
Xəzər Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova yayılan məlumatı təkzib edib: "Elza Seyidcahanı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb.
Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma Xəzər Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur".