"Heç vaxt ağlıma da gəlməzdi ki, bir gün aydınlar da belə bir qalmaqal yaşaya bilərlər. Gənc nəslin yaşlı nəslə hörmətsizliyi qəbulolunmazdır. Ölkəmizdə özəl məktəblər çoxdur və təhsil xarici dildədir. Övladlarımın üçü də təhsili ingilis dilində alıblar".
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb:
"Məktəbdə Azərbaycan, rus və başqa (fransız, alman, ispan) dili fənlərini də keçiblər. Sonra da xaricdə təhsillərini davam ediblər. Hər üçü Azərbaycan dilində danışır, amma yazıda çox səhvləri var. Qınaya da bilmirəm, çünki məktəbdə bütün fənləri ingilis dilində keçiblər. O dildə düşünürlər. İki oğlum xaricdə yaşayır. Sabah qayıdıb gəlsələr, hansısa dövlət işində işləmək istəsələr, necə olacaq bilmirəm".
Müğənni uşaqlarına yaxşı təhsil vermək üçün çox əziyyət çəkdiyini qeyd edib: "Yaxşı məktəb və xaricdə yaxşı universitetlər çox bahadır. Mənim kimi çox valideyn övladını özəl məktəblərdə oxutdurur. Fakültə seçimi də azdır. Bu qədər vəsait sərf edib, 1000 manat maaşa harasa işə düzəltmək (o da tanışsız mümkün deyil) məntiqsizdir. Ömürünün 16-17 ilini təhsilə sərf edən insan, külli miqdarda pul xərcləyən valideyn əziyyətinin bəhrəsin görməyəcəksə, təbii ki, ölkəmizdən kənarda işləyib yaşamağa üstünlük veriləcək. Yəni, bu qədər vacib məsələlər bir kənarda qalıb, rus dilində təhsil alan və o dildə öz fikirlərini daha yaxşı izah edə bilən insanı niyə bu qədər hörmətsizləşdirirsiniz?"
Qeyd edək ki, mətbuatda xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan dilində danışa bilməməsi müzakirələrə səbəb olub.