Xalq artisti Nisə Qasımova Xəzər televiziyasında yayımlanan “Dəyişən cavab” verilişində etirafları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, xalq artisti ad çəkmədən sənətdə ona mane olan həmkarından danışıb:
"Gərək bu sənətə gəlməzdim, müğənni olmazdım. Niyə müğənni olmaq istəməzdim, çünki çox əziyyət çəkdim. O acılar, nigillər, məni efirdən uzaqlaşdırmaq cəhdi, qadağalar, konsertlərdən sonra anamla göz yaşı içində söhbət etmək, bunlar adi hadisə deyil.
Yadıma gəlir, televiziya və radionun yubiley konserti idi, orada bütün sənətkarlar ifa edəcəkdi, o cümlədən mən. Mahnı oxudum, səhnəyə mənə çoxlu güllər gəldi. Məndən sonra da ifa edən müğənnilər var idi. O paxıllığı səhəri gün efirə baxanda görürdüm. Konsertdən çıxışımı çıxartdırdılar. Bildik ki, bunda kimin əli olub. Ad çəkmək istəmirəm, millət bilir. Mən onu bağışlayıram, Allah bağışlayandan sonra...
Mən ailəmi sevən insanam. Amma anamın göz yaşlarını bağışlamıram. Həmin gün anamla gecədən səhərə qədər ağlamışdıq. Anam dedi ki, "Nisə, yolunu kim kəsib, istəyirəm sənə deyim, oxumağı burax, əl çəksinlər". Cavab verdim ki, illərdir bu sənətdəyəm. Amma öz başımın çarəsinə baxacam.
Sonuncu dəfə həmin xanımla mərhum anamın yas mərasimində qarşılaşdıq. Sağ olsun, gəldi, gələcəyinə inanmamışdım. Azərbaycan Dövlət televiziyasında musiqi departamentinin sədri var idi, indi rəhmətə gedib, adını çəkməyəcəm. Mənə dedi ki, artıq bezmişəm, sənin haqqında deyir ki, gərək filan mahnını oxumazdı və s. Niyə onu efirə buraxdın?! Bunun səbəbini özüm də bilmirəm. Bütün bu illər ərzində çəkdiklərim məni çox sındırdı”.
Xalq artisti deyib ki, onun “Leyli və Məcnun” tamaşasında oynamasına mane olublar: “Leyli obrazını da oynamağa qoymadılar, məni “protesto” etdilər. Bütün Leylilər bir araya toplaşdı ki, sarı saçlı Leyli olarmı?! Məgər keçmişdə sarışınlar olmayıb?”
Nisə Qasımova ailə qurmamasının da səbəbini açıqlayıb: “Ailə qurmadığıma görə qətiyyən peşman deyiləm. Əvəllər ailəm, qohumlarım az qala çiyinlərimdən tutub itələsinlər ki, get, ailə qur. Düşünürdüm ki, məndən ailə quran olmaz. Çünki azad düşüncəli insanam. Ailə qursam, oxumağım yaddan çıxacaqdı. Musiqimizə, mədəniyyətimizə meyilli insan olmayacaqdım.
Məni sevənlər çox olub. Onların arasında elə mötəbər insanlar olub ki... Düşünmədim ki, filankəslə ailə qursaydım, indi bir evim yox, üç villam olardı. Hər bir qadın istər ki, ailə quranda onun qayğısı daim çəkilsin”.