Müğənni Vəfa Şərifova ATV-də yayımlanan “Rəngarəng" verilişində həmkarı Şəbnəm Tovuzlu ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Vəfa Şərifova Şəbnəm Tovuzlu ilə eyni verilişə çıxmamasının səbəbini açıqlayıb:
"Bizim aramızda heç bir şey yoxdur, dava və s. Amma Elcan Rəsulovun aparıcısı olduğu verilişə çıxmaq istədim, Şəbnəm xanım istəmədi. Belə ortamda isə sizin verilişdə başqa cür danışmaq, o səmimiyyəti də tamaşaçı ala bilməyəcək. Ona görə də bu gün mən onunla efirə çıxmaq istəmədim.
Bizim aramızda o səmimiyyət yoxdur. Biz yalandan bu verilişə gəlsək, bir-birimizin üzünə süni gülmək və sair, mən belə şeyləri bacarmıram. Biz bir-birimizi məclislərdə görəndə salamlaşmırıq, görməmiş kimi davranırıq. Mən onunla verilişdə nə danışım?!".
Vəfa Şərifova aparıcının "Şəbnəm Tovuzlu üçün deyil, sizin üçün onunla bir araya gəlmək problemdir" sualına isə "Mən saxtakarlıq edə bilmərəm, bu əziyyəti özümə verə bilmərəm. Onunla deyib-gülsək saxtalıq olacaq. O qədər qırılan şeylər var ki... Biz körpüləri yandırmışıq. Düzdür, aramızda heç bir söz-söhbət, dava-dalaş, problem yoxdur. Amma biz dost kimi verilişdə iştirak edə bilmərik. Çünki aramızda o səmimiyyət yoxdur, heç zaman da olmayacaq. Zamanında Şəbnəmlə aramızda çox böyük problemlər yaşanıb. Bu gün də səmimiyyətimiz bərpa olunmayıb", - deyə cavab verib.
İfaçı aparıcının "Şəbnəm Tovuzlu ilə efirdə olmaqdan niyə çəkinirsən" sualına isə belə cavab verib: "Ondan çəkindiyim heç bir şey yoxdur. Çəkindiyim ancaq odur ki, səmimi olmadığım bir ortamda tamaşaçı qarşısına çıxmaq istəmirəm. Necə varamsa, elə görünmək istəyirəm”.