Sosial şəbəkədə Azərbaycanın 67 yaşlı aktyor Midhat Aydının fəhləlik etdiyini əks etdirən görüntülər yayılıb.
Aktyor Teleqraf.com-a açıqlamasında məsələyə aydınlıq gətirib: "Videodakı həyət evi mənim öz evimdir, 20 il əvvəl tikmişəm, tamamlamağa imkan olmayıb. İndi fəhlələrə kömək edirəm. Bir yerdə şirin yemək yeyirik.
Çox gözəl anlardı. Daha bir ömrüm olsaydı, fəhlə olardım. Fəhləlik etmək ayıb deyil. Videonu fəhlələrdən biri çəkmişdi. Mən də videonu sosial şəbəkədə paylaşdım.
Öz yaradıcılığımla məşğulam, çəkilişlərdəyəm. Filmlərə, seriallara çəkilirəm. Boş dayanmıram. Yaxın günlərdə rayonlarımızın birində film çəkilişinə gedəcəm".