Xalq artisti Nazpəri Dostəliyeva “Deməsək olmaz” verilişinin qonağı olub.
Teleqraf.com-un məlumatına görə, müğənni tez ailə qurmağından danışıb: "Ərə gedəndə səkkizinci sinfi belə bitirməmişdim. Öz istəyimlə ərə getməmişəm. Uşaqlıqdan oxumağı sevmişəm, ancaq musiqini düşünürdüm. Bacım Zeynəb oxuyurdu. Bir dəfə məni toya apardı, bir mahnı oxudum. Sonra mənə toy təklifi gəldi, qəbul elədim. Ondan sonra toylarımın sayı çoxaldı. Qardaşım əsgərlikdən gəldi və mənə dedi ki, meymun olacaqsan, oxusan başını kəsərəm. Atam da onun sözü ilə razılaşdı. Həmin ərəfədə elçilərim gəlirdi. Atam da məcbur olub, məni ərə verdi. Başqa rayona ərə getmişdim, mənə çətin idi. Bir gün məktəbdən gələndə gördüm ki, kimsə əlində xonçalar bizə gəlir. Mənə nişan gətiriblərmiş, xəbərim yox idi".
N.Dostəliyeva 15 yaşında ana olubmuş: “Allah məni o qədər güclü yaradıb ki... Başıma gələnləri başqası yaşasaydı, indi xəstəxanada yatırdı. Onuncu sinfi bitirəndə hamilə olduğumu bildim. Həyat yoldaşıma yalvarırdım ki, universitetə daxil olum. O da mənə sənəti, oxumağı qəti qadağan etdi. Oğullarımın dünyaya gəlməsi belə məni sevindirmirdi. Yoldaşım bunu görüb, məcburən qadın toylarına getməyimə razılıq verdi”.
Rəqsanə