“Hazırda Nərimanov rayon Prokurorluğunda istintaq gedir. Amma biz istintaqın gedişindən razı deyilik. Çünki istintaqı ləngidirlər”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu deyib: “Biz kifayət qədər sübut, dəlil, səsyazma və Kamran Həsənlinin mətbuata verdiyi açıqlamaları, evini satıb borcu qaytaracağı haqqında səsli qeydi və s. faktların hamısını istintaqa təqdim etmişik. Amma bilmirik ki, istintaq nəyi gözləyir? İstintaqın gedişindən şikayət etməyə hazırlaşırıq. Bu məsələ ilə bağlı Nərimanov rayon Prokurorluğu kifayət qədər qanun pozuntusunu aşkar etdi ki, cinayət işi başlanıldı. Əgər kifayət qədər fakt yox idisə niyə cinayət işi başlanılırdı? Kamran Həsənli hər yerdə rahat hərəkət edir. Düzdür, ölkədən çıxışına qadağa qoyulub”.
Hüquqşünas onu da deyib ki, Kamran Həsənliyə verilən vəsaitin qaytarılmasını istəyirlər: “Hüquq-mühafizə orqanları dələduzluq faktı olduğunu aşkar etdilər. Ona görə də Kamran Həsənlini həbs etmək hüquq-mühafizə orqanlarının işidir. Biz qanunun çıxardığı qərar ilə razılaşacağıq. İstintaqa müdaxilə olunacağını düşünmürəm. Çünki demokratik ölkədə yaşayırıq”.
Bir müddət əvvəl müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğuqda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Rəqsanə