Bu gün İsveçin “Globe Arena” səhnəsində 61-ci “Eurovision” Mahnı Müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu gün 18 yarımfinalçı yarışacaq. Təmsilçimiz Səmra Rəhimli də onların arasındadır. Azərbaycan təmsilçisi səhnəyə 14-cü çıxacaq və “Miracle” mahnısını səsləndirəcək.
10 nəfər seçiləcək
18 ölkə təmsilçisindən yalnız 10-u mübarizəni finalda davam etdirmək imkanı qazanacaq. Azərbaycan tamaşaçısı ölkə təmsilçimiz istisna olmaqla bəyəndiyi ifaçıya səs göndərə bilər. Bunun üçün ifaçının səhnəyə çıxış nömrəsini yazıb 9450-yə yollamaq lazımdı.
“Bir araya gələk!” şüarı ilə keçirilən müsabiqənin ikinci yarımfinalı mayın 12-si, finalı isə 14-də olacaq.
Səmra kimdir?
Təmsilçimiz Səmra Rəhimli 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinin Milli Seçim Turunda iştirak edib, lakin Milli Müsabiqənin ən gənc iştirakçısı kimi ictimaiyyətin diqqət mərkəzində olan 16 yaşlı Səmra ölkəni “Eurovision”da təmsil etmək hüququnu əldə edə bilməyib. Bundan sonra o, müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrində iştirak edərək, daha da püxtələşib.
2015-ci ildə “O səs Türkiyə” verilişində 1/4 finala qədər irəliləyib, 2016-cı ilin mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısı olub.
İfaçı və onun mahnısı bu ilin mart ayında İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilən daxili və gizli səsvermə, o cümlədən 100 televiziya, musiqi eksperti və Avropanın 35 ölkəsindən olan
“Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib.
Yarış öncəsi keçirilən məşqlərdə təmsilçimizin ifası və performansı zaman-zaman müzakirə mövzusuna çevrilib. Məşhur "Eurovision" xəbərlərini yayımlayan eurovoix.com portalı isə iddia edir ki, təmsilçimiz finala vəsiqə qazanmaya bilər.
İfaçımızın performası, ifası və eləcə də mahnısı haqda Teleqraf.com sənət adlarının fikirlərini öyrənib.
Azərbaycanın 61-ci “Eurovision” Mahnı Müsabiqəsindəki gözlənilən çıxışına münasibəti təqdim edirik.
“Çox istərdim, amma...”
Xalq artisti Mübariz Tağıyev: “Bu haqda danışmaq istəmirəm. Sadəcə uğurlar arzulayıram”.
Bəstəkar Gövhər Həsənzadə: “Səmra Rəhimlinin ifa edəcəyi “Miracle” mahnısı Avropa dinləyicisinin zövqünə uyğundur. Amma zənnimcə, bu mahnı ifaçının bütün imkanlarını açmaq üçün yetərli deyil. İfaçının imkanlarına uyğun olaraq daha yaxşısını etmək olardı. Mən başqa heç nə deyə bilmərəm.
Sadəcə istəyirəm ki, Azərbaycan ifaçısının çıxışı effektli olsun, bəyənilsin. Səsvermə zamanı hansı nəticələrlə qarşılaşacağıq, bunu demək çətindir. Bunu ifaçıdan tələb etmək də düzgün deyil. Səmraya ancaq mahnını gözəl ifa etmək, yaxşı performans göstərmək qalır. Biz isə ona mənəvi dəstək olmalıyıq”.
Xalq artisti Faiq Sücəddinov: “Əvvəllər “Eurovision”-nın Azərbaycanda keçirilən milli seçmələrində münsif olmuşam. İndi nə deyə bilərəm ki? Məndən bu haqda soruşmayın”.
Bəstəkar Məryəm Əlibəyli: “Bu il yarışda çıxış edəcək bəzi ölkə təmsilçilərinin mahnısına qulaq asdım. Təəssüf ki, yeni bir şey yoxdur. Son 5-6 ildir “Eurovision” yarışında səslənmiş mahnılarını təhlil edəndə görürük ki, onların bir qismində 80-cı ildən 2000-ci ilə, bir qismində isə 2000-ci ildən 2010-cı ilə qədər olan tendensiyalara rast gəlirik. Yenilik yoxdur.
Erməni təmsilçisinin ifasında da tərifəlayiq nəsə yoxdur, amma onlar çox çalışacaqlar ki, yaxşı nəticə əldə etsinlər. Uzun illərdir onlar yaxşı nəticəyə səy göstərsələr də ən pis nəticəyə nail olurlar.
Bu il Fransa yarışda orta səviyyəli musiqi ilə təmsil olunur. Gürcüstan hər il güclü ifalarla yadda qalıb, amma bu il mənə çox zəif təsir bağışladı. Ukrayna təmsilçisinin mahnısı fərqli və maraqlıdlır.
O ki, qaldı Azərbaycan təmsilçisinə... “Miracle” mahnısı stabil “Eurovision” müsabiqəsinə uyğun formatda yazılmış mahnıdır. Səmranın xarici görünüşü yaxşıdır, mahnı, aranjiman orta səviyyəlidir, performans güclü deyil, amma maraqsız da deyil. Azərbaycan təmsilçisi birmənalı şəkildə finala vəsiqə qazanacaq. “Beşliy”ə düşmək şansımız yoxdur, ya “onluğ”a, ya da “on beşlik”də qərarlaşacağıq.
Müğənni-bəstəkar Murad Arif: “Səmra çox cazibədardır, mən hesab edirəm ki, çox uğurlu seçimdir. Tipik Azərbaycan gözəlidir: qaraşın, qarasaç. Səmranın çox müsbət cəhətləri var. Ən azı öz xarizması ilə Azərbaycanı finala çıxaracaq. Mahnısı da gözəl mahnıdır, sadəcə qalib mahnıya oxşamır”.
“Bəs beşliyə düşə bilərmi? sualına isə Murad Arifin cavabı belə olub: “Çox istərdim, amma inanmıram”.
Nərmin Muradova