30 Noyabr 2017 09:18
2 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyadan olan mütəxəssislər apardıqları genişmiqyaslı araşdırma nəticəsində bəşəriyyətin tarixində baş verən bütün böyük faciələrin müxtəlif insanlar tərəfindən öncədən yuxuda görüldüyünü müəyyənləşdiriblər.

Teleqraf.com bildirir ki, belə peyğəmbərcəsinə yuxugörmələrin faizi kifayət qədər yüksəkdir.

İnsanlar fəlakətlərin qarşısını almaq üçün yuxularına etibar edə bilərlərmi?

Müharibələr, təbii və texnogen fəlakətlər, terror aktları – bütün bunların qarşısını almaq, yaxud, onlara hazırlaşmaq mümkün ola bilər.

Təbii ki, əgər bunları yuxusunda gördüyünü söyləyən insanları dinləsək və inansaq. Ancaq elm adamları və xilasedicilər, məsələn, sabah ölkənizdə dağıdıcı zəlzələnin baş verəcəyini söyləsəniz, sizə inanarlarmı? Terror hücumlarına gəldikdə isə, sakit dayanmaq daha yaxşıdır, əks halda həyatınızın qalan hissəsini istintaq təcridxanalarında və həbsxanada keçirə bilərsiniz.

1978-ci ilin mayında amerikalı Devid But Çikaqoda yerləşən “Ohara” hava limanından səmaya qalxan “Amerika avialiniyası”na məxsus təyyarənin yerə çırpılmasına dair olduqca real yuxu görür. Kişi gördüklərindən o qədər heyrətlənir ki, elə həmin gün aviakompaniyaya zəng etmək və yuxusu barədə personala məlumat vermək qərarına gəlir. Gözlənildiyi kimi, ona heç kim inanmır. Növbəti gün həmin hava limanından qalxan və “DS-10” reysini yerinə yetirən təyyarə qəzaya uğrayır. Xoşbəxtlikdən, mütəxəssislər qəzanın baş verməsinin terror aktı olmadığını, pis hava şəraiti üzündən baş verdiyini sübut edə bilirlər. Bununla belə But xüsusi xidmət orqanlarında güclü şübhə oyadır. Ancaq ona qarşı hər hansı ittiham irəli sürmək mümkünsüz idi. Bəs əgər bu terakt olsaydı?

Devid baş verən qəzaya görə böyük narahatlıq yaşayır və 273 insanın ölümünün qarşısını ala bilmədiyi üçün özünü günahlandırır. Amma o, həqiqətən nə edə bilərdi? Əgər ABŞ-da Butun yuxusu, oxşar meteoroloji proqnozlar, mümkün teraktlar və digər baş verə biləcək xoşagəlməz halların çatdırılacağı “öncəgörmə bürosu” olsaydı, şübhəsiz ki, aviqəzanın baş verməsinin qarşısını almaq olardı.

Nəzəriyyədən irəli getməyən araşdırmalar

Yeni zelandiyalılar, həmçinin, fransız astronom və yazıçı Kamil Flammarionun (1842-1925) araşdırmasına müraciət edirlər. O, iddia edib ki, Birinci Dünya müharibəsi vaxtı döyüş meydanında olan əsgərlər öz yaxınlarına telepatik məktublar yazıblar. K.Flammarion 1921-ci ildə çap olunan “Ölüm və onun sirri” kitabında çoxlu dul qadının, yetim uşaqların və müharibədə həlak olanların valideynlərinin ona kədərlə yuxularında qanlı, dəhşətli döyüş səhnələrini necə gördüklərini, həmin döyüşlərdə onların yaxınlarının necə həlak olduğunu yazmasından bəhs edir. Sonda məlum olur ki, bunlar da peyğəmbərcəsinə görünən yuxulardandır.

1960-cı illərdə britaniyalı psixiatr Cey Si Barker Aberfanda baş verən məşum faciəni yuxularında görən insanlardan bir sıra məlumatlar toplayır. 1966-cı ilin oktyabrın 21-də Uelsin Aberfan kəndində uçqun baş verir. Nəhəng qaya parçalarının kəndə doğru dığırlanması nəticəsində 144 nəfər, o cümlədən məktəbdə olan 116 uşaq faciəli şəkildə həyatını itirir. Düşünmək olardı ki, psixiatrın pasientləri öz yuxularından bəhs edərkən ona yalan söyləyiblər. Ancaq zaman bunun doğru olduğunu göstərdi. Bütün bunları yuxuda gördüklərini pasientlər doktor Barkerə faciədən bir neçə gün öncə şəxsən çatdırıblar.

Mütəxəssislər hələ də bu fövqəltəbii yuxuların əsas səbəbini dəqiq müəyyənləşdirə bilmirlər: informasiyanın təsadüfən qırılmasımı, qeyri-adekvat olaraq şüuraltımıza gələcəkdən nələrinsə keçməsimi, yaxud “yuxarı”dan göndərilən məqsədli işarələrmi, bizi hərəkətə keçməyə çağırmaqmı?! Heç kim bilmir. Bəlkə də prekoqnasiya (öncədən əyan olma – red.) həqiqətən dəhşətli hadisələrin qarşısını almaq üçündür. Bəlkə də bizim gələcəyimiz əvvəlcədən tamamilə müəyyənləşdirilib və dəyişikliyə tabe ola bilməz.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər