Türkiyədə ilahiyyatçı Adnan Oktara yönəlik əməliyyatlarda 4 qızı, bir oğlu və nəvəsi saxlanılan 75 yaşlı Semin Babuna 12 il sonra qızları ilə həbsxanada görüşüb.
Teleqraf.com xəbər verir ki, professor Cavad Babunanın həyat yoldaşı Semin Babuna Adnan Oktardan polisə şikayət etdiyi üçün qızlarının ondan üz döndərdiyini söyləyib.
Onun sözlərinə görə, 5 övladından yalnız iki qızı onunla görüşə razılaşıb: “Bu özü dəə mənim üçün əsl xoşbəxtlikdir. Övladlarımla illər sonra qucaqlaşa bildim, əllərini tutdum. Dedim ki, hər şeyi etiraf edin. Adnan Oktarın necə pis insan olduğunu onlara başa saldım , ancaq qəbul etmirlər, hər şeyin böhtan olduğunu deyirlər.
Qızlarım məni polisə şikayət etməkdə günahlandırdı. Mən isə cavab verdim ki, sizdən yox, sadəcə başınızdakı adam barəsində şikayət eləmişəm.
Şükür edirəm ki, Adnan Oktar oğlumdan, qızlarımdan və nəvəmdən uzaqdır. Məndən şikayətimi geri götürməyi tələb edirlər. Əslində qızlarım hər şeyi yaxşı anlayır, amma zaman keçdikdə daha gözəl dərk edəcəklər.
Övladlarımın bank hesablarına pul köçürmüşəm, saxlanıldıqları yerdə soyuducu, televizor yoxdur, onları da aldım. Nəvəm Əmrə daxil olmaqla qızlarıma və oğluma Qurani-Kərim kitabını göndərdim, ancaq onlardan üçü qəbul elədi, üçü geri qaytardı”.
Semin Babuna Adnan Oktara yaxın həbs olunmamış adamların övladlarına təsir etməsindən narahat olduğunu qeyd edib: “O adamı çox yaxşı tanıyıram, nağıllardakı 9 başlı canavar kimidir. Ancaq pislik etməklə məşğuldur. Həbsə girib, amma hələ də ondan xilas ola bilməmişik”.
Qeyd edək ki, Adnan Oktar azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və cəsusluqda ittiham olunur.