11 May 2019 20:45
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) və Con Hopkins Universitetinin tətbiqi fizika laboratoriyasının alimləri göy cisminin orbitini dəyişmək eksperimenti üçün “65803 Didymos” ikili asteroidini seçiblər. Bu asteroidə kosmik aparatın göndərilməsi isə 2021-ci il üçün nəzərdə tutulub.

Teleqraf.com Space.com saytına istinadla xəbər verir ki, bu eksperimentlə bağlı məlumatı NASA-nın Planetar Müdafiə Əlaqələndirmə Departamenti yayıb.

Eksperiment zamanı DART (Double Asteroid Redirection Test – İkili asteroidin orbitinin dəyişməsi testi) kosmik aparatı “65803 Didymos” asteroidlərinin “Didymoon” adlandırılan və diametri 165 metrə yaxın olan ən kiçiyi ilə toqquşacaq. “DidymosA” adlı böyük asteroidin diametri isə 775 metrə çatır.

DART layihəsinin rəhbəri Çeril Rid bildirib ki, 555 kiloqram çəkisi olan kosmik aparatın asteroidə doğru göndərilməsi üçün pəncərə 2021-ci ilin iyulunda açılacaq. O, 2022-ci ildə hədəfə çatacaq və həmin anda aparatın sürəti saatda 24 min kilometrədək artacaq. Hazırda mütəxəssislər tərəfindən aparatın asteroidin səthindəki hansı bucağa uçacağı və asteroidin ağırlığı və tərkibini nəzərə almaqla toqquşmanın hansı nəticələr verəcəyi ilə bağlı kompüter modelləri hazırlanır. Hədəf olacaq asteroid 2022-ci ilin oktyabrında Yerə 10,9 milyon kilometr məsafədən keçəcək.

NASA 2021-ci ilin oktyabrında Günəş sistemindəki yeddi asteroidin öyrənilməsi üçün “Lucy” avtomatik stansiyasını kosmosa buraxmağı planlaşdırır. O, 2025-ci ilin aprelində Mars və Yupiter planetləri arasındakı asteroidlər qurşağında yerləşən və 1981-ci ilin martına kəşf olunmuş “Donaldjohansson” adlı kiçik asteroidə yaxınlaşacaq. 2027-2028-ci illərdə “Lucy” formaca müxtəlif olan Evribat, Polimela, Levk, Or asteroidlərini də gəzəcək. Bundan başqa, 2033-cü ildə aparat ikili asteroid Patrokl-Menetini də öyrənəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər